Sabah bəzi dağlıq və dağətəyi rayonlarda hava fasilələrlə yağıntılı olacaq VİDEO
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycanda aprelin 24-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12, gündüz 15-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, duman olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 8-12, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı ehtimal edilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 5-10, gündüz 17-22 dərəcə isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 15-20 dərəcə isti olacağı bildirilir.
Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə axşam saatlarında intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 6-11, gündüz 16-21 dərəcə isti olacağı proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarın bəzi yerlərində havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru şərq rayonlarında yağıntılar tədricən kəsiləcək. Arabir duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı ehtimal edilir.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 8-12, gündüz 20-25 dərəcə isti olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Arabir duman müşahidə ediləcək. Şimal-şərq küləyi əsəcək, bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-13, gündüz 17-22, dağlarda gecə 9-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.