Qazaxda qəhvəyi mərmər bağacığına qarşı profilaktik tədbirlər gücləndirilib VİDEO
Qazax, 24 aprel, AZƏRTAC
Qazax rayonunun Gürcüstanla sərhəd ərazilərində kənd təsərrüfatı sahələri üçün təhlükə sayılan qəhvəyi mərmərə bağacığına qarşı profilaktik tədbirlər gücləndirilib, monitorinq işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, qəhvəyi mərmər bağacığı kənd təsərrüfatı sahələri üçün olduqca təhlükəli sayılır. Qazax rayonunda artıq 4 ildir ki, bu həşərata qarşı mütəmadi tədbirlər həyata keçirilir. Sirayətlənmə zəif olduqda mexaniki, yəni məhvetmə, sirayətlənmə güclü olduqda isə kimyəvi mübarizə tədbirləri icra olunur.
Qazaxın Gürcüstanla sərhədə yaxın ərazilərində mütəxəssislər xüsusi texnikalarla sahələrə daxil olurlar. Burada yaşıllıqlarda, meyvə bağlarında monitorinq aparılır, ağaclara feremon tələlər quraşdırırlar. Məqsəd isə təsərrüfatları təhlükəli zərərvericidən qorumaqdır.
“Artıq yaz mövsümüdür. Temperaturun müsbət 15 dərəcə və daha yuxarı olması qəhvəyi mərmər bağacığının qışlama dövründən çıxıb, aktiv uçuş fazasına keçməsi ilə müşahidə olunur. Ona görə də sistemli mübarizə tədbirləri həyata keçirilməlidir. Fermerlərə bildirmək istəyirəm ki, bu zərərverici artıq uçuş fazasındadır. Hər kəs öz ərazisində ciddi müşahidələr aparsın. Əgər zərərvericilərə rast gəlinsə, bizimlə əlaqə saxlasınlar. Fermerlər bilməlidirlər ki, vaxtında görülən tədbir onların məhsulunun daha sağlam qalması deməkdi”, – deyə Aqrar Xidmətlər Agentliyinin Qazax Bitki Mühafizə və Fumiqasiya Zərərsizləşdirmə Mərkəzinin rəisi Faiq Vəkilov bildirib.
O deyib ki, havanın soyuq və yağmurlu keçməsi ilə əlaqədar hələlik sirayətlənmə azdır. Lakin havalar istiləşdikcə bağacığın uçuşlarının artacağı gözlənilir və yumurta qoyma mərhələsi olacaq. Bunların qarşısını almaq üçün isə mübarizə işləri gücləndirilmiş qaydada həyata keçirilir: “Hazırda tətbiq olunan feremon tələlər erkək fərdləri cəlb edərək populyasiyanın sıxlığını müəyyən etməyə və yayılmanın qarşısını vaxtında almağa imkan verir. Bu üsul ekoloji baxımdan təhlükəsiz hesab olunur və mübarizədə effektiv nəzarət mexanizmi sayılır. Sərhəd zonasında aparılan belə tədbirlər region üzrə mümkün yayılma riskinin azaldılmasına xidmət edir:.
Müxbir – Ruslan Novruzoğlu