Rayne Ferretti: Şəhərlərin planlaşdırılması zamanı təbiət amilinin nəzərə alınması dayanıqlı inkişaf üçün əsas şərtlərdəndir VİDEO
Bakı, 20 may, AZƏRTAC
Su mərkəzli urban planlaşdırma artıq müasir şəhərsalmanın əsas tələblərindən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Braziliya üzrə rəhbəri Rayne Ferretti Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Su mərkəzli ərazi inkişafı üzrə Azərbaycan, Kolumbiya və Latın Amerikası təcrübəsi" adlı müzakirələrdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Braziliyada şəhərlərin böyük əksəriyyəti planlı şəkildə qurulmadığından hazırda şəhər inkişafında yeni yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır.
“Su ehtiyatları planetin əsas dayaqlarından biridir və həyati əhəmiyyət kəsb edir. Dünyada baş verən iri təbii fəlakətlərin böyük hissəsi məhz su ilə bağlı problemlərlə əlaqəlidir. Şəhərlərin planlaşdırılması zamanı təbiət amilinin nəzərə alınması dayanıqlı inkişaf üçün əsas şərtlərdən biridir”, - deyə Rayne Ferretti vurğulayıb.