Pərviz Şahbazov: Mövcud enerji şəbəkələri bir çox hallarda artan tələbatı tam şəkildə qarşılamağa hazır deyil VİDEO
Bakı, 1 iyun, AZƏRTAC
Enerji keçidi prosesinin sürətləndirilməsi üçün investisiyaların genişləndirilməsi və maliyyə resurslarının səfərbər olunması xüsusi əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində keçirilən “Nazirlər arasında dialoq: Asiyada bərpaolunan enerji mənbələrinə əsaslanan enerji keçidi” mövzusundakı panel müzakirələrdə çıxışı zamanı deyib.
“İqlim məsələsi artıq yalnız ətraf mühitlə bağlı bir məsələ deyil. Bu, eyni zamanda, iqtisadi inkişafın dayanıqlılığını təmin edən, geosiyasi sabitliyi gücləndirən və yeni enerji tərəfdaşlıqlarının formalaşmasına şərait yaradan strateji bir prosesdir. Süni intellekt texnologiyalarının və məlumat mərkəzlərinin sürətli inkişafı elektrik enerjisinə tələbatı əhəmiyyətli dərəcədə artırır. Mövcud enerji şəbəkələri isə bir çox hallarda bu artan tələbatı tam şəkildə qarşılamağa hazır deyil. Buna görə də məsələ yalnız yeni enerji istehsal güclərinin yaradılması ilə məhdudlaşmır. Əsas sual həmin potensialın nə dərəcədə şəbəkələr tərəfindən qəbul edilə və etibarlı şəkildə ötürülə bilməsindədir. Bu baxımdan enerji keçidi prosesinin sürətləndirilməsi üçün investisiyaların genişləndirilməsi və maliyyə resurslarının səfərbər olunması xüsusi əhəmiyyət kəsb edir. Məhz belə inteqrasiya olunmuş yanaşma Mərkəzi Asiya ilə qonşu regionlar arasında yeni enerji və investisiya platformalarının formalaşmasına imkan yaradır”, - deyə nazir bildirib.