bp-nin vitse-prezidenti: Cənub Qaz Dəhlizi geosiyasi qeyri-sabitliklərə qarşı dayanıqlığı təmin edən əsas amillərdən birinə çevrilib VİDEO
Bakı, 2 iyun, AZƏRTAC
Bu gün Cənub Qaz Dəhlizi infrastrukturu geosiyasi qeyri-sabitliklərə qarşı dayanıqlığı təmin edən əsas amillərdən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bunu bp-nin Xəzər bölgəsində biznesin inkişafı üzrə vitse-prezidenti Çingiz Hacıyev “Baku Energy Forum”un “Qaz sessiyası - bazarlar, nəqliyyat marşrutları və geosiyasət” adlı sessiyasında çıxışı zamanı deyib.
“Təxminən 30 il əvvəl SOCAR, Azərbaycan hökuməti, bp və tərəfdaş şirkətlər strateji qərar qəbul etdilər. Həmin dövrdə Xəzər dənizindən Cənubi Avropanın mərkəzinə qədər uzanacaq təxminən 3500 kilometrlik enerji dəhlizinin Avropanın enerji xəritəsini dəyişdirə biləcəyinə inanırdılar. O zaman bu layihəyə inanmayanlar da çox idi. Bəziləri hesab edirdi ki, bu infrastrukturdan tam istifadə olunmayacaq və layihə həddindən artıq böyükdür. Lakin həmin strateji baxış nəticəsində yaradılan infrastruktur bu gün geosiyasi qeyri-sabitliklərə qarşı dayanıqlığımızı təmin edən əsas amillərdən birinə çevrilib. Çünki geosiyasi qeyri-sabitlik artıq istisna hal deyil, fəaliyyət göstərdiyimiz mühitin ayrılmaz hissəsinə çevrilib”, - deyə bp-nin vitse-prezidenti əlavə edib.