Ötən il ölkə ərazisindən avtomobil nəqliyyatı ilə daşınan tranzit yüklərin həcmi 7 milyon tondan çox olub VİDEO
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan daşıyıcıları Monqolustan və Çindən başlayaraq Böyük Britaniyaya qədər uzanan 50-yə yaxın ölkədə beynəlxalq yükdaşımaları həyata keçirmək imkanına malikdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yükdaşımaları departamentinin direktoru Sübhan Əbilov 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda deyib.
O qeyd edib ki, son illər ölkədə görülən işlər nəticəsində avtomobil nəqliyyatı ilə tranzit yükdaşımalarının həcmində əhəmiyyətli artım qeydə alınıb.
“Ötən il ölkə ərazisindən avtomobil nəqliyyatı ilə daşınan tranzit yüklərin həcmi 7 milyon tondan çox olub. Azərbaycan yalnız tranzit ölkə kimi deyil, həm də beynəlxalq yükdaşımalarda fəal iştirak edən daşıyıcı ölkə kimi çıxış edir. Milli daşıyıcılar beynəlxalq standartlara uyğun fəaliyyət göstərirlər”, - deyə AYNA rəsmisi vurğulayıb.