Rauf Cabarov: Müasir dövrdə kiberməkanda aparılan mübarizə ənənəvi təhlükəsizlik məsələləri qədər əhəmiyyət daşıyır VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
Milli Kibertəhlükəsizlik Forumu ölkəmizdə kibertəhlükəsizlik sahəsinə göstərilən diqqətin bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov 4-cü Milli Kibertəhlükəsizlik Forumunda çıxışında deyib.
R.Cabarov bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı qələbə yalnız döyüş meydanında deyil, həm də kiberməkanda əldə olunub. O vurğulayıb ki, müasir dövrdə kiberməkanda aparılan mübarizə ənənəvi təhlükəsizlik məsələləri qədər əhəmiyyət daşıyır.
Assosiasiyanın rəsmisi xatırladıb ki, 2022-ci ildə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının yaradılması barədə qərar qəbul olunub. Bu addım ölkədə kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən özəl şirkətlərin sayının artırılması, onların dəstəklənməsi, kadr hazırlığının gücləndirilməsi və yerli potensialın inkişaf etdirilməsi məqsədi daşıyır.
Onun sözlərinə görə, əvvəlki forumlarda əsas diqqət kibertəhlükəsizlik şirkətlərinin inkişafına, onların qarşılaşdığı problemlərə və insan resurslarının hazırlanmasına yönəldilmişdisə, sonrakı mərhələdə kiberdavamlılıq məsələləri ön plana çıxıb. Bu məqsədlə ötən il Naxçıvanda Kiberdavamlılıq Konfransı təşkil olunub.
R.Cabarov qeyd edib ki, bu il keçirilən 4-cü Milli Kibertəhlükəsizlik Forumunda 10-dan artıq ölkədən mütəxəssislər iştirak edir. İcraçı direktor forumun kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, təcrübə mübadiləsinə və yeni tərəfdaşlıqların qurulmasına töhfə verəcəyini vurğulayıb.