Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO
Bakı, 9 iyun, AZƏRTAC
Son bir ildə “mygov” platformasının istifadəçi bazası təxminən üç dəfə artaraq 1,7 milyonu keçib.
AZƏRTAC xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
“Hesabat dövründə təqdim olunan xidmətlərin sayı 11 dəfə artıb. Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması, startapların, vençur fondlarının və texnoparkların inkişafını dəstəkləyən yeni mexanizmlərin tətbiqi planlaşdırılır. Əsas baxışımız rəqəmsal inkişafın sürətləndirilməsidir. Rəqəmsallaşmanın genişlənməsi fonunda qanunvericilik bazasının olması vacibdir. Rəqəmsallaşmanın genişlənməsi və yeni texnologiyaların tətbiqi çevik və innovasiyaları dəstəkləyən hüquqi bazanın formalaşdırılmasını zəruri edir. Hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, aidiyyəti agentliklər, tərəfdaş təşkilatlar və digər dövlət qurumları ilə birlikdə müvafiq qanunvericilik paketinin hazırlanması istiqamətində işlər aparır”, - deyə F.Osmanov qeyd edib.