Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır VİDEO
Bakı, 9 iyun, AZƏRTAC
Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, maliyyə bazarları sahəsində türk dövlətləri arasında qarşılıqlı inteqrasiya oxşar infrastruktura malik nüvə komponentləri, o cümlədən ani ödənişlər sistemi üzərində əlverişli formada tətbiq edilə bilər: “Həmçinin türk dövlətləri arasında innovativ həll və texnologiyaların, maliyyə bazarlarında yenilikçi olan yanaşmaların daha çevik və uğurla tətbiqi üçün tənzimləyici test rejimində iştirak edən təşkilatların qarşılıqlı tanınması təcrübəsi tətbiq edilə bilər. Regional səviyyədə infrastruktur komponentləri üzrə qarşılıqlı inteqrasiyanın təmin olunması üçün Mərkəzi Bankların, həmçinin bu sahənin aparıcı ekspertlərinin də cəlb edildiyi birgə İşçi qrupları yaradılmalıdır. Məhz bu İşçi qrupları səviyyəsində qlobal maliyyə üzrə inteqrasiya imkanları birgə təhlil edilərək türk dövlətlərinin hazırlıq səviyyəsi qiymətləndirilməlidir".