Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO
Bakı, 16 iyun, AZƏRTAC
Xarici investisiya üçün bir neçə amil vacibdir. İlk amil sosial-iqtisadi sabitlikdir. İkinci növbədə, təhlükəsizlikdir. Üçüncü növbədə, dövlət tərəfindən ciddi həcmli təşviqlərin verilməsidir. Dördüncüsü isə həmin ölkədə uyğun işçi qüvvəsinin olmasıdır - həm bilikli, bacarıqlı, həm də optimal qiymətə. Bu amillər olduğu halda kapitalın, investisiyanın o ölkəyə axını müşahidə edilir. Azərbaycan sadaladığım bütün meyarlara cavab verir.
Bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov AZƏRTAC, AzTV və ARB TV-yə məxsusi müsahibəsində söyləyib.
“Ona görə də düşünürəm ki, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində xarici ölkələrdən investorların Azərbaycana cəlb olunması daha da asanlaşacaq, maraq getdikcə artacaq. Bu marağı da biz artıq yeni Dövlət Proqramı təsdiqlənəndən bəri görürük. Kənd Təsərrüfatı Nazirliyinə müxtəlif müraciətlər daxil olur, Azərbaycana müxtəlif - heyvandarlıq, istixana, üzümçülük-şərabçılıq istiqamətlərində sərmayə qoymaq istəyən xarici investorlardan müraciətlər gəlir. Sərmayə həcmləri nə qədər olacaq bilmirəm, bunu zaman göstərəcək. Amma cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan sabitliyi, coğrafi mövqeyi, iqtisadi təşviq mexanizmləri ilə hazırda investorlar üçün çox münbit bir şərait yaradıb. Bu, əlbəttə ki, öz müsbət təsirini göstərəcək”, - deyə Məcnun Məmmədov əlavə edib.