İƏT Komissiyasının İcraçı direktoru: Azərbaycan qlobal toplantıların keçirildiyi beynəlxalq mərkəzə çevrilib - EKSKLÜZİV VİDEO
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan bu gün qlobal toplantıların və konfransların keçirildiyi beynəlxalq mərkəzə çevrilib.
Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının icraçı direktoru doktor Hadi bin Əli əl-Yami söyləyib.
“Ən mühüm məqamlardan biri də budur ki, bu gün Azərbaycan İslam aləmi ilə bağlı belə böyük beynəlxalq toplantıya ev sahibliyi edir. Bu, Azərbaycanın atdığı çox mühüm addımdır və biz bunu yüksək qiymətləndiririk. Bu gün biz İslam İnkişaf Bankının iclaslarında iştirak edirik, sabah isə süni intellekt və insan hüquqlarına həsr olunmuş digər konfransa qatılacağıq. Buna görə də Azərbaycanın göstərdiyi bu böyük səyləri yüksək qiymətləndirir, buna görə ölkənizə dərin minnətdarlığımızı bildiririk”, - deyə icraçı direktoru qeyd edib.
Hadi bin Əli əl-Yami, həmçinin vurğulayıb: “Azərbaycanın bir sıra müxtəlif sahələrdə dünyanın diqqət mərkəzinə çevrildiyini nəzərə alaraq, ümid edirik ki, Bankın iclaslarında iştirak edən tərəfdaşlarla keçiriləcək görüşlərdə bir çox ortaq məqamlarla bağlı razılığa gələ biləcəyik. İnşallah, bu görüşlərin nəticəsində İslam dünyasında insana xidmət edəcək birgə fəaliyyət planları və proqramlar ortaya qoyacağıq”.