Nazir müavini: Türkiyə beynəlxalq bazarlarda 12 dövlət sukuku emissiyasını uğurla həyata keçirib VİDEO
Bakı, 18 iyun, AZƏRTAC
2012-ci ildən bəri Türkiyə beynəlxalq bazarlarda 12 dövlət sukuku emissiyasını uğurla həyata keçirib və qlobal investorlardan 23 milyard dollardan çox vəsait cəlb edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə nazirinin müavini Osman Çelik İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində "Etikentlənmiş sukuk - növbəti hüdud" mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.
Osman Çelik bildirib ki, ölkədə əsas məqsədlərdən biri investor bazasının şaxələndirilməsi olub.
“Sukuk bizə Körfəz regionu və Asiyadan olan, adətən ənənəvi istiqraz emissiyalarında iştirak etməyən investorları cəlb etməyə imkan verib. Biz ənənəvi istiqrazlardan da istifadə etməyə davam edirik. Sukuk və ənənəvi istiqrazları bir-birini tamamlayan maliyyələşdirmə alətləri kimi qiymətləndiririk. Bu alətlər bizə maliyyə mənbələrimizi daha da şaxələndirməyə kömək edir”, - deyə Osman Çelik vurğulayıb.