Hazırda Mərkəzi Bank növbəti strateji dövrü əhatə edən yeni inkişaf strategiyası hazırlayır VİDEO
Bakı, 24 iyun, AZƏRTAC
Hazırda Mərkəzi Bank tərəfindən növbəti strateji dövrü əhatə edən yeni inkişaf strategiyası hazırlanır.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov 11-ci "Azərbaycan Beynəlxalq Sığorta Forumu"nda (AIIF-2026) çıxışı zamanı deyib.
O qeyd edib ki, növbəti strateji dövr ərzində riskəsaslı prudensial nəzarət modelinin tam şəkildə formalaşdırılması, reaktiv nəzarət modelindən proaktiv nəzarət modelinə keçməsi, xüsusi tənzimləmə rejiminin tətbiqinin genişləndirilməsi, alternativ sığorta məhsullarının (məsələn, takaful sığortası) tətbiqi, istehlakçı hüquqlarının daha etibarlı müdafiəsi və məmnuniyyətin yüksəldilməsi, rəqəmsal innovasiyaların genişləndirilməsi əsas prioritetlər sırasında olacaqdır: "Növbəti strateji dövrdə nəzərdə tutulan bu prioritetlər risklərin daha effektiv idarə olunmasına, innovativ məhsulların bazara çıxarılmasına, istehlakçı tələbinə uyğunlaşdırılmış məhsul və xidmətlərin təqdim olunmasına və nəticə olaraq, sektorun institusional potensialının reallaşdırılmasına öz töhfəsini verəcəyinə inanırıq".