Nüsrət İbrahimli: Qiymətləndirmə sahəsində islahatlar yeni mərhələyə qədəm qoyub VİDEO
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Qiymətləndiricilər Palatasının əsas məqsədi qiymətləndirmə sahəsində institusional inkişafın təmin edilməsi, fəaliyyətin müasir standartlara uyğunlaşdırılması və şəffaflığın artırılmasıdır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədri Nüsrət İbrahimli bildirib.
Onun sözlərinə görə, son dövrdə həyata keçirilən islahatlar ölkədə qiymətləndirmə sisteminin yeni mərhələyə keçidini təmin edib.
Nüsrət İbrahimli qeyd edib ki, Azərbaycanda qiymətləndirmə fəaliyyəti 1990-cı illərin əvvəllərindən formalaşmağa başlayıb. 1993-cü ildən sonra iqtisadi sistemin transformasiyası, bazar münasibətlərinin inkişafı, daşınmaz əmlak və maliyyə sektorunun genişlənməsi bu sahəyə tələbatı əhəmiyyətli dərəcədə artırıb. Bu ehtiyacın nəticəsi olaraq 1998-ci ildə “Qiymətləndirmə fəaliyyəti haqqında” ilk Qanun qəbul olunub.
Palata sədri vurğulayıb ki, 2023-cü ildə qəbul edilən yeni qanun qiymətləndirmə sahəsində müasir tənzimləmə mexanizmlərinin formalaşdırılmasına hüquqi baza yaradıb. Həmin Qanunun Prezident İlham Əliyev tərəfindən təsdiqlənməsi bu sahənin inkişafına verilən önəmin göstəricisidir.
Onun sözlərinə görə, 2024-cü ilin sonunda Təşkilat Komitəsinin yaradılması və 2025-ci ilin fevralında Palatanın fəaliyyətə başlaması ilə yeni institusional mərhələnin əsası qoyulub. Bu dövrdə təşkilatlanma işləri aparılıb, daxili normativ sənədlər hazırlanıb, etik davranış qaydaları və metodoloji çərçivələr müəyyənləşdirilib.
Nüsrət İbrahimli əlavə edib ki, qiymətləndirmə reyestrinin formalaşdırılması, elektron sistemlərin tətbiqi və rəqəmsal platformaların yaradılması sahədə səmərəliliyi artırıb. Eyni zamanda, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb, beynəlxalq standartlara keçid təmin olunub və Avropa eləcə də regional təşkilatlarla əlaqələr gücləndirilib.
Palata sədri bildirib ki, qarşıdakı dövrdə əsas prioritetlərdən biri qiymətləndirmə sahəsinin tam rəqəmsallaşdırılması, beynəlxalq standartlara uyğunluğun daha da dərinləşdirilməsi və bazar infrastrukturunun təkmilləşdirilməsidir.
O, sonda qeyd edib ki, həyata keçirilən islahatlar Azərbaycan qiymətləndirmə sisteminin dayanıqlı inkişafına və qlobal iqtisadi mühitə inteqrasiyasına xidmət edir.