Naxçıvanda taxıl biçini davam edir - orta məhsuldarlıq hər hektardan 30 sentnerə çatır VİDEO
Naxçıvan, 30 iyun, AZƏRTAC
Ötən ilin payızında və bu ilin yazında muxtar respublika üzrə ümumilikdə 13 min 844,1 hektar sahədə taxıl əkini aparılıb. Əkin sahələrinin 4174,3 hektarını buğda, 9669,77 hektarını isə arpa təşkil edib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək 2533,9 hektar arpa sahəsində biçin başa çatdırılıb və sahələrdən 7497,9 ton məhsul tədarük olunub. Orta məhsuldarlıq hər hektardan 29,6 sentner təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövründə qeydə alınan 21,1 sentnerlə müqayisədə 40,3 faiz yüksəkdir. Hazırda arpa əkinlərinin 26,2 faizi biçilib.
Buğda sahələrində isə 264,58 hektarda biçin aparılıb, 786,52 ton məhsul əldə edilib. Orta məhsuldarlıq hər hektardan 29,7 sentner olub. Bu günədək buğda əkinlərinin 6,3 faizi biçilərək məhsul tədarükü həyata keçirilib.
Taxıl biçininin operativ və itkisiz həyata keçirilməsi məqsədilə muxtar respublika üzrə saz vəziyyətdə olan 68 kombayndan hazırda 41-i biçin işlərinə cəlb edilib. Biçin üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və aidiyyəti dövlət orqanlarından ibarət Mərkəzi Qərargah yaradılıb. Həmçinin rayonlarda da Dövlət Aqrar İnkişaf Mərkəzi və aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət Mərkəzi Qərargah fəaliyyət göstərir.
Biçin prosesi davam edir.
Müxbir- Nail Əsgərov