Vüqar Gülməmmədov: Dövlət satınalmalarının effektiv auditi iqtisadi artım və ictimai etimadın əsas təminatlarından biridir VİDEO
Bakı, 1 iyul, AZƏRTAC
Dövlət satınalmaları dövlət maliyyəsinin ən mühüm xərcləmə alətlərindən biri olmaqla yanaşı, iqtisadi inkişafın, fiskal dayanıqlığın və ictimai rifahın formalaşmasına birbaşa təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun Bakıda keçirilən illik toplantısındakı çıxışı zamanı deyib.
O qeyd edib ki, əksər ölkələrdə dövlət satınalmalarına ÜDM-in 10-20 faizi, dövlət büdcəsi xərclərinin isə 30-50 faizə qədəri yönəldilir, bu da satınalmaların keyfiyyətini dövlət maliyyəsinin səmərəliliyini müəyyən edən əsas amillərdən birinə çevirir.
Vüqar Gülməmmədov vurğulayıb ki, dövlət satınalmalarının məqsədi yalnız daha aşağı qiymətə mal və xidmət əldə etmək deyil, ayrılmış vəsait hesabına maksimum ictimai nəticənin təmin olunmasıdır. O bildirib ki, şəffaf və rəqabətli satınalma sistemi korrupsiya risklərini azaldır, dövlət idarəçiliyinə ictimai etimadı artırır və büdcə vəsaitlərinin daha səmərəli idarə olunmasına xidmət edir.
Hesablama Palatasının sədri diqqətə çatdırıb ki, müasir dövlət auditi artıq yalnız pozuntuları aşkar edən mexanizm deyil, idarəetmənin təkmilləşdirilməsinə töhfə verən mühüm instituta çevrilib. Bu baxımdan auditin əsas vəzifəsi dövlət vəsaitlərinin real nəticəyə çevrilməsini qiymətləndirmək, dövlət satınalmalarının iqtisadiyyata təsirini müəyyən etmək və idarəetmənin keyfiyyətini yüksəltməkdir.