Rusiyalı auditor: Dövlət satınalmalarının auditində süni intellektin tətbiqi qaçılmazdır VİDEO
Bakı, 1 iyul, AZƏRTAC
Dövlət satınalmalarının auditində rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi artıq qaçılmaz prosesdir.
AZƏRTAC xəbər verir ki, bunu Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupuna sədrlik edən Rusiyanın Hesablama Palatasının auditoru Svetlana Orlova Bakıda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, gələcəkdə audit yoxlamalarının bir hissəsi süni intellekt vasitəsilə həyata keçiriləcək. Bununla belə, qərarların qəbulunda peşəkar auditorların rolu dəyişməz qalacaq.
S.Orlova qeyd edib ki, Rusiyada Maliyyə Nazirliyi, Xəzinədarlıq, maliyyə kəşfiyyatı və vergi orqanlarının məlumatlarını birləşdirən rəqəmsal platforma yaradılıb. Bu sistem məlumatları emal edərək yüksək risk daşıyan satınalmaları əvvəlcədən müəyyənləşdirir və auditorların diqqətini həmin istiqamətlərə yönəldir.
O vurğulayıb ki, rəqəmsal həllər auditin səmərəliliyinin artırılmasına, korrupsiya risklərinin vaxtında aşkarlanmasına və dövlət vəsaitlərinin daha səmərəli istifadəsinə mühüm töhfə verir.