“Memarlıqda qadınlar” müsabiqəsinin qalibləri layihələrini Londonda təqdim ediblər VİDEO
London, 17 iyul, AZƏRTAC
Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən “Memarlıqda qadınlar” müsabiqəsinin qalibləri Londonda təşkil olunan peşəkar inkişaf proqramı çərçivəsində layihələrini təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, “Zaha Hadid Architects” şirkətinin Londondakı mənzil-qərargahında keçirilən tədbirdə Britaniyanın aparıcı memarlıq şirkətlərinin nümayəndələri, memarlar və tələbələr iştirak ediblər. Tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin ticarət və investisiyalar üzrə direktoru Aleks Tyrrell və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin müşaviri Günel Səlimova çıxış edərək bu cür təşəbbüslərin iki ölkə arasında əməkdaşlığın genişlənməsinə, gənc memarların beynəlxalq təcrübə qazanmasına və qadınların memarlıq sahəsində rolunun gücləndirilməsinə töhfə verdiyini vurğulayıblar.
“Memarlıqda qadınlar” müsabiqəsi Britaniyanın Bakıdakı səfirliyi tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Zaha Hadid Architects”, “Chapman Taylor” və “Scott Brownrigg” şirkətlərinin tərəfdaşlığı ilə təşkil olunub. Müsabiqə iştirakçıları “Hər damlada ümid: Dəyişiklik üçün incəsənət və memarlıq” mövzusu çərçivəsində su qıtlığı probleminə innovativ memarlıq həlləri təqdim ediblər.
Müsabiqənin qalibləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri Ləman Mirzəyeva və Simuzər Abbasova, həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri Mədinə Ağaməmmədova və Seyidfatimə Məmmədova olublar. Proqram çərçivəsində tələbələr Böyük Britaniyanın aparıcı memarlıq şirkətlərini ziyarət edib, peşəkar seminar və inkişaf sessiyalarında iştirak edərək beynəlxalq memarlıq təcrübəsi ilə yaxından tanış olublar.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn fakültəsinin dekanı Fərid Kərimov AZƏRTAC-a deyib ki, bu cür beynəlxalq layihələr tələbələrin gələcək karyerası üçün mühüm əhəmiyyət daşıyır və universitet onların belə təşəbbüslərdə iştirakını daim dəstəkləyir.