Cahangir Səlimxanov: Müslüm Maqomayevin sənəti zamanın fövqündə dayanır VİDEO
Bakı, 17 avqust, AZƏRTAC
Xalq artisti Müslüm Maqomayevin yaradıcılığının sehrindən qopa bilmirəm. İllər keçsə də, ona olan sevgi və heyranlıq azalmır. Sənətkarın səsi həddindən artıq həzin, mülayim və özünəməxsus idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov söyləyib.
Nazir müşaviri qeyd edib ki, Müslüm Maqomayevin yaradıcılığı zamanın fövqündə dayanır və hər nəsildə öz dinləyicisini tapır.
Kişinyovdakı Mariya Bieşu adına Milli Opera və Balet Teatrında dünya musiqisinin əfsanəsi Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş "Sevgi və Dəniz" adlı musiqili axşam barədə təəssüratlarını bölüşən C.Səlimxanov deyib: “Həmin tədbirdə Moldova opera məktəbinin nümayəndəsi Aleksey Botnarçuk da çıxış etdi. Zal tam dolu idi. Diqqətimi çəkən məqamlardan biri auditoriyada gənclərin çoxluq təşkil etməsi oldu. Bu, Müslüm Maqomayev sənətinin və səsinin illər keçməsinə baxmayaraq, yeni nəsil üçün də öz sehrini qoruduğunu göstərir”.