Ehtiram Hüseynov: Xan Şuşinskinin davamçıları olaraq bu böyük irsi yaşatmağa çalışırıq VİDEO
Bakı, 20 avqust, AZƏRTAC
Şərqin böyük xanəndəsi, Azərbaycan muğam sənətinin unudulmaz siması Xan Şuşinskinin əziz xatirəsini bu gün ehtiramla yad edirik. Xan əmi elə bir sənətkar olub ki, Azərbaycan musiqisinə silinməz izlər qoyub. Biz xanəndələrin ona Xan əmi deməsi təsadüfi deyil. Xan əmi bizim üçün sadəcə böyük xanəndə deyil, həm də milli musiqimizin canlı məktəbi olub. Onun sənəti yaşayır, ifaları səslənir və yeni nəsil xanəndələr onun irsindən bəhrələnməkdə davam edir.
Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist Ehtiram Hüseynov deyib.
O diqqətə çatdırıb ki, Xan Şuşinskinin səsində muğamımızın ruhu, Azərbaycan xalqının duyğuları, milli musiqimizin zənginliyi yaşayırdı. “Xan əminin ifa etdiyi hər bir muğam, hər bir təsnif bu gün də öz bənzərsizliyi ilə seçilir. Ondan sonra gələn xanəndələrin, demək olar ki, hamısı Xan əminin sənətindən, ifa üslubundan bəhrələnib və onun yaradıcılığından öyrənib. Biz onun sənətinin davamçıları olaraq bu böyük irsi yaşatmağa çalışırıq”, - deyə E.Hüseynov əlavə edib.