Səmərqənd keramika sənətinin qədim ənənələri VİDEO
Səmərqənd, 20 avqust, AZƏRTAC
Özbəkistanda səfərdə olan Azərbaycan media nümayəndələrinin daxil olduğu nümayəndə heyəti ölkənin ən iri turizm layihələrindən biri olan “Silk Road Samarkand” beynəlxalq turizm mərkəzi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, kompleks Səmərqənd avarçəkmə kanalı boyunca yerləşir və təxminən 260 hektar ərazini əhatə edir. Burada eyni vaxtda 3 mindən çox qonağın yerləşdirilməsi üçün nəzərdə tutulan səkkiz hotel, 14 villa, restoranlar, parklar, istirahət zonaları və beynəlxalq konqres mərkəzi inşa edilib. Uzunluğu 2,2 kilometr olan avarçəkmə kanalı kompleksin əsas özəlliklərindən biridir.
“Silk Road Samarkand” kompleksində “Əbədi şəhər” (“Vechniy gorod”) tarixi-etnoqrafik parkı xüsusi yer tutur. Təxminən 11 hektar ərazidə dar küçələri, meydanları, sənətkarlıq emalatxanaları, kafeləri, qalereyaları və mədəni tədbirlərin keçirilməsi üçün məkanları olan qədim Şərq şəhərinin ab-havası yaradılıb. Layihənin konsepsiyası tanınmış özbək rəssamı Bobur İsmayılovun iştirakı ilə hazırlanıb. Memarlıq üslubunda parfiyalıların, ellinistik və islam mədəniyyətlərinin motivləri bir araya gətirilib.
“Əbədi şəhər”də Özbəkistanın müxtəlif bölgələrinə xas ənənəvi sənətkarlıq nümunələri – keramika, ağac üzərində oyma sənəti, xalçaçılıq, zərgərlik məmulatlarının hazırlanması və tut ağacının qabığından hazırlanan məşhur Səmərqənd kağızı təqdim olunur.
Press-turun iştirakçıları Səmərqənd ipək kağızının hazırlanması ənənəsinin yenidən bərpa edildiyi Firdavs Umarovun emalatxanasına baş çəkiblər. Ustanın sözlərinə görə, o, bu sənətkarlıq növünün bərpasına 25 il həsr edib. Kağız heç bir kimyəvi əlavə olmadan tut ağacının qabığından hazırlanır, bu zaman xammal qaynadılır, xırdalanır, vərəqlər formalaşdırılır və preslənir, daha sonra hər bir vərəq daşla cilalanır. Bütün proses bir neçə gün davam edir.
“Hələ orta əsrlərdən tanınan Səmərqənd kağızı Mərkəzi Asiyada geniş yayılıb. Möhkəm və hamar səthə malik olduğuna görə ondan əlyazmaların, xəttatlıq nümunələrinin və miniatürlərin hazırlanmasında istifadə olunurdu”, - deyə usta bildirib.

Jurnalistlər, həmçinin Səmərqənd keramikasının hazırlanmasının sirləri ilə tanış olublar. Özbəkistan Rəssamlıq Akademiyasının sənətkarlarından biri, rəssam-keramikaçı və dulusçu Şərif Əzimov bu sənətlə artıq 56 ildir məşğul olduğunu bildirib. Yaradıcılıq yolundan danışan Şərif Əzimov sənətkarlığa marağının hələ məktəb illərində yarandığını qeyd edib. O, Səmərqəndin tanınmış ustası Ömər Curakulovun rəhbərliyi altında keramika ilə məşğul olmağa başlayıb.
“Mən o vaxt səkkiz-doqquzuncu sinifdə oxuyurdum. Ömər Curakulovun emalatxanasına gedirdik və o vaxtdan bu sənəti sevdim. Artıq 56 ildir ki, bu sənət mənim həyat fəaliyyətimə çevrilib”, - deyə usta bildirib.

Onun sözlərinə görə, məhz Curakulovun məktəbi onun peşəkar yaradıcılıq yolunun əsasını təşkil edib.
Bu gün usta Səmərqənd keramika məktəbinin ənənələrini davam etdirməklə yanaşı, öz biliklərini gənclərə də ötürür. Əzimovun sözlərinə görə, onun tələbələri arasında müxtəlif ölkələrin nümayəndələri də var.
“Azərbaycandan çoxlu tələbəm var. Karib hövzəsi ölkələrindən də tələbələrim var. Onlar mənim araşdırmalarımı davam etdirirlər”, - deyə o vurğulayıb.
Əzimov qeyd edib ki, onun üçün keramika yalnız məmulat istehsalı deyil, həm də Səmərqəndin çoxəsrlik bədii ənənəsinin davamıdır.
Onun öz yaradıcılıq metodu keramika sənətinin tarixinin və qədim nümunələrin öyrənilməsi ilə bağlıdır. Tədqiqatçılar bildirirlər ki, usta muzey eksponatlarını və tarixi texnikaları diqqətlə öyrənib, yaradıcılığında isə Səmərqənd keramika məktəbinin ənənələrini inkişaf etdirib.

Qeyd edək ki, “Silk Road Samarkand” rəsmi olaraq 2022-ci il avqustun 23-də açılıb. Layihə hotel, mədəniyyət, səhiyyə, biznes və istirahət infrastrukturlarını birləşdirir və xüsusilə beynəlxalq, işgüzar və tədbir turizminin inkişafına yönəlib.
Kompleksin adı Səmərqəndin Böyük İpək Yolunda ticarət və mədəni əlaqələrin əsas mərkəzlərindən biri kimi tarixi əhəmiyyəti ilə bağlıdır. Bu gün “Silk Road Samarkand” qədim şəhərin tarixi irsini müasir turizm infrastrukturu ilə birləşdirməyə və bununla da qədim şəhərin yeni beynəlxalq simasını yaratmağa çalışır.
Müxbir – Pərvanə Qafarova