Alla Bayramova: Niyazinin mənzil-muzeyi zəngin irsimizi yaşadan mühüm mədəniyyət ocağıdır VİDEO
Bakı, 20 avqust, AZƏRTAC
Niyazinin yaradıcılığı və zəngin irsi Azərbaycan musiqi mədəniyyəti tarixində özünəməxsus, böyük və əvəzolunmaz yer tutur. Onun adı Azərbaycan musiqi tarixinin qızıl səhifələrinə yazılıb. Niyazi böyük dirijor, misilsiz və təkrarolunmaz sənətkar olmaqla yanaşı, həm də istedadlı bəstəkar idi.
Bunu AZƏRTAC-a açıqlamasında Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova deyib.
Alla Bayramova qeyd edib ki, Niyazinin mühüm xüsusiyyətlərindən biri gənc istedadları üzə çıxarmaq, onların potensialını vaxtında görmək və hiss etmək bacarığı idi. “O, sonradan böyük və tanınmış musiqiçilərə çevrilən bir çox istedadlı sənətkarın yaradıcılıq yoluna dəstək verib. 1994-cü ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyi yaradılıb. Muzeyin açılışında Ümummilli Lider Heydər Əliyev şəxsən iştirak edib və Niyazi ilə bağlı xatirələrini bölüşüb. Muzeyin “Xatirə kitabı”nda ilk rəylərdən biri məhz Ulu Öndər Heydər Əliyevə məxsusdur.
Biz çox fəxr edirik ki, Niyazinin zəngin irsi ilə işləmək, onun yaşadığı evi mədəniyyət ocağı kimi qorumaq və yaşatmaq bizə qismət olub. Niyazinin mənzili vaxtilə yalnız Azərbaycan ziyalılarının deyil, keçmiş Sovet İttifaqından və dünyanın müxtəlif ölkələrindən gələn görkəmli musiqiçilərin, mədəniyyət xadimlərinin görüş yeri olub. Burada xarici qonaqlar, türk musiqiçiləri, müxtəlif ölkələrdən olan dirijorlar, pianoçular və digər sənət adamları toplaşıblar. Bu ənənə bu gün də davam edir. Niyazinin sənətinə böyük hörmət bəsləyən insanlar onun evini ziyarət edirlər. Niyazinin mənzil-muzeyi bu gün də böyük sənətkarın xatirəsini yaşadan, onun zəngin irsini gələcək nəsillərə çatdıran və Azərbaycan musiqi mədəniyyətinin təbliğinə xidmət edən mühüm mədəniyyət ocaqlarından biridir”, – deyə Əməkdar mədəniyyət işçisi əlavə edib.