Təyyar Bayramov: Xan Şuşinski Azərbaycan muğam sənətində silinməz iz qoyub VİDEO
Bakı, 20 avqust, AZƏRTAC
Xan Şuşinski Azərbaycan klassik muğam ifaçılığında elə böyük iz qoyub ki, bu gün yeni nəsil sənətkarlar onun yaradıcılığından və ifaçılıq üslubundan, xüsusilə də oxuma manevrlərindən daim bəhrələnirlər. Xan Şuşinskinin böyük şövqlə “O olmasın, bu olsun” filmində ifa etdiyi “Kürd-Şahnaz” muğamı bu gün də xanəndələr üçün əvəzolunmaz örnəkdir. Bir çox sənətkar bu muğamı onun ifa üslubuna yaxın tərzdə səsləndirməyə çalışır.
Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist, muğam ifaçısı Təyyar Bayramov deyib.
“Xoşbəxtəm ki, mənə də Xan əminin yaratdığı həmin obrazı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “O olmasın, bu olsun” tamaşasında canlandırmaq qismət olub. Bu məni, əlbəttə, çox qürurlandırır. Xan Şuşinski elə sənətkarlardandır ki, onun yaradıcılığı yalnız öz dövrünün xanəndələrinə deyil, ondan sonra bu sənətlə məşğul olan bütün nəsillərə təsir göstərib. Bu gün də çoxsaylı gənc xanəndələr və peşəkar sənətkarlar onun ifaçılıq məktəbinə müraciət edir, sənət yolundan bəhrələnir”, – deyə Əməkdar artist qeyd edib.