Əyyub Quliyev: Maestronun əlyazmaları bu gün də evimizdə qorunub saxlanılır VİDEO
Bakı, 20 avqust, AZƏRTAC
Bu gün Azərbaycan musiqi mədəniyyətinin ən görkəmli simalarından biri olan maestro Niyazinin doğum günüdür. O, Azərbaycanda fəaliyyət göstərən həm gənc, həm orta, həm də yaşlı nəsillərin həyatında və yaradıcılıq dünyasında xüsusi iz qoymuş böyük şəxsiyyətdir. Bu gün də Niyazinin yaradıcılığına müraciət edir, sənətindən bəhrələnirik.
Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist, tanınmış dirijor Əyyub Quliyev deyib.
O, maestro Niyazi ilə ailələri arasında mövcud olmuş yaxın münasibətlərdən söz açaraq deyib: “Niyazini şəxsən görmək və tanımaq mənə nəsib olmayıb. Lakin ailəmizdə, xüsusilə atam, tarzən, Xalq artisti Ramiz Quliyev ilə maestro Niyazi arasında xüsusi dostluq münasibətləri olub. Mən də həmin xatirələrin içində böyümüşəm. Ramiz müəllim mənə həmişə onların birgə konsertlərə necə hazırlaşdıqlarından, sənət və musiqi haqqında apardıqları söhbətlərdən danışardı. Niyazi dəfələrlə bizim evimizdə qonaq olub. Onun əlyazmaları bu gün də evimizdə qorunub saxlanılır”.
Əyyub Quliyev bildirib ki, Niyazinin Azərbaycan mədəniyyətində, xüsusilə musiqi sənətində qazandığı böyük hörmətin şahidi olub. Onun sözlərinə görə, Niyazi bütün varlığı ilə xalqına və Vətəninə bağlı olan şəxsiyyət idi və ömrünün sonunadək Azərbaycan mədəniyyətinə xidmət edib.
“Bu sevgi və ehtiramı daim qəlbimizdə yaşadacaq, qoruyacaq və gələcək nəsillərə ötürəcəyik”, – deyə Əməkdar artist əlavə edib.