Abbas Abbasov: Belçika müstəmləkəçilik cinayətlərinə görə dövlət səviyyəsində üzr istəməli və təzminat ödəməlidir VİDEO
Bakı, 21 avqust, AZƏRTAC
Belçikanın Mərkəzi Afrikadakı müstəmləkəçilik siyasətinin başa çatmasından uzun illər keçməsinə baxmayaraq, Konqo Demokratik Respublikası, Ruanda və Burundi hələ də tarixi ədalətin bərpası istiqamətində bu ölkədən konkret addımlar gözləyir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib.
O qeyd edib ki, müstəmləkəçilik dövründə törədilmiş cinayətlərin nəticələrinin aradan qaldırılması yalnız siyasi bəyanatlarla məhdudlaşmamalı, məsələ konkret hüquqi mexanizmlər və təzminat öhdəlikləri çərçivəsində həllini tapmalıdır.
“Artıq 1960-cı illərdən etibarən Mərkəzi Afrika ölkələri Belçikadan müstəmləkəçilik dövrünün ağır nəticələrinin aradan qaldırılması və kompensasiyaların ödənilməsi ilə bağlı konkret addımlar gözləyirlər. Düşünürəm ki, bu istiqamətdə hüquqi müstəvidə təzminat mexanizmləri müəyyənləşdirilməli və real addımlar atılmalıdır.
Belçika dövlət səviyyəsində Konqo Demokratik Respublikasından, Ruandadan və Burundidən üzr istəməlidir. Bundan sonra müstəmləkəçilik dövründə həmin ölkələrə vurulmuş zərərə uyğun maliyyə təzminatlarının həcmi müəyyən edilməli və bu vəsait mərhələli şəkildə ödənilməlidir”, – deyə o diqqətə çatdırıb.
A.Abbasovun sözlərinə görə, tarixi ədalətin təmin olunması yalnız keçmişdə törədilmiş cinayətlərə görə kompensasiya ödənilməsi ilə yekunlaşmamalıdır. Müstəmləkəçilikdən zərər çəkmiş dövlətlərin suverenliyinə və daxili siyasi proseslərinə hörmət göstərilməsi də bu prosesin əsas prinsiplərindən biri olmalıdır.
“Ən mühüm məsələlərdən biri də gələcəkdə bu ölkələrin daxili siyasi məsələlərinə Belçika tərəfindən hər hansı müdaxilənin yolverilməzliyinin təmin edilməsidir. Eyni zamanda, müstəmləkəçilik dövründə törədilmiş cinayətlərin və oxşar halların bir daha təkrarlanmaması üçün hüquqi müstəvidə müvafiq razılaşmanın əldə olunmasını vacib hesab edirəm”, - deyə o əlavə edib.
A.Abbasov bildirib ki, bu istiqamətdə hüquqi mexanizmlərin yaradılması, təzminat məsələsinin konkret çərçivəsinin müəyyənləşdirilməsi və müstəmləkəçilikdən zərər çəkmiş xalqların hüquqlarının təmin olunması tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıyır.
Fotoqraf - Azər İbrahimov