Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib VİDEO
Bakı, 2 sentyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk yarış günü başa çatıb.
AZƏRTAC xəbər verir ki, çempionatın birinci günündə idmançılar 11 dəst medal uğrunda mübarizə aparıblar.
K1 200 metr məsafəyə yürüşdə 2008–2009-cu il təvəllüdlü oğlanlar arasında Əlimurad Hacızadə, 2010–2011-ci il təvəllüdlülərdə Elmir Tarverdiyev, 2012–2013-cü il təvəllüdlülərdə isə Yunus Əhmədov qalib olublar. Qızlar arasında bu məsafədə Leyla Əli birinci yeri tutub.
K2 200 metr məsafədə 2010–2011-ci il təvəllüdlü oğlanlar arasında Kamal Tağıyev – Əziz Əhmədli cütü, 2012–2013-cü il təvəllüdlülərdə isə Səbuhi Cəfərzadə – Soltan Mustafalı dueti bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.
Bundan əlavə, 1x1500 metr məsafədə 2008–2009-cu il təvəllüdlü oğlanlar arasında Azər İlyasov, 2010–2011-ci il təvəllüdlülərdə Məhəmməd Həsənov, 1x1000 metr məsafədə isə 2012–2013-cü il təvəllüdlü oğlanlar arasında Yusif Əliyev birinci olublar.
C1 200 metr məsafədə 2008–2009-cu il təvəllüdlü oğlanlar arasında Hüseyn Səmədli, 2010–2011-ci il təvəllüdlülərdə isə Fəxri Sadıqlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qaliblər diplom və medallarla mükafatlandırılmaqla yanaşı, 29 sentyabr - 2 oktyabr tarixlərində keçiriləcək beynəlxalq Mingəçevir Reqasında iştirak edəcək komandanın heyətinə cəlb olunacaqlar.
Qeyd edək ki, ölkə çempionatında idmançılar akademik avarçəkmə və kayak növündə 1 və 2 nəfərlik, kanoedə isə 1 nəfərlik qayıqda mübarizə aparırlar. Azərbaycan çempionatına sentyabrın 2-də yekun vurulacaq.