Qırx beş il sonra yenidən doğma AzTU-da: məzunların unudulmaz görüşü
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) 1981-ci il məzunlarından ibarət bir qrup 45 ildən sonra doğma universitetlərini ziyarət edib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, məzunlar rektor Vilayət Vəliyevlə görüşərək tələbəlik illərindən söz açıb, həmin dövrə aid xoş xatirələrini bölüşüblər.
Görüş zamanı qeyd olunub ki, məzunlar 1981-ci ildə AzTU-nun sənaye elektronikası ixtisasını bitiriblər. Bu il həm də onların AzTU-ya qəbul olunmaqlarından 50 il ötür. Uzun illər sonra təhsil aldıqları universitetdə olmaqdan böyük qürur və sevinc hissi keçirdiklərini bildirən məzunlar AzTU-nun ötən illər ərzində keçdiyi inkişaf yolunu və hazırda əldə etdiyi uğurları böyük fəxrlə izlədiklərini vurğulayıblar.
Bildirilib ki, AzTU yarandığı gündən etibarən mühəndislik sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm töhfələr verib. Universitetin məzunları müxtəlif illərdə ölkənin sənaye, texnologiya və digər strateji sahələrinin inkişafında fəal rol oynayıblar.
Məzunlar doğma universitetin bugünkü inkişafını yüksək qiymətləndirərək AzTU ilə bağlı xoş təəssüratlarını bölüşüblər. Həmçinin qeyri-iş günü olmasına baxmayaraq onlarla görüşə vaxt ayırdığı üçün rektor Vilayət Vəliyevə təşəkkürlərini ifadə ediblər.
Görüşün sonunda məzunlar AzTU-nun müxtəlif məkanlarını ziyarət edib, doğma universitetlərində xatirə fotoları çəkdiriblər.