Aktotı Raimkulova: Dayanıqlı Moda Nümayişi sivilizasiyamızın ekoloji məsuliyyətini nümayiş etdirmək üçün düzgün formatdır VİDEO
Bakı, 9 sentyabr, AZƏRTAC
Bu günlərdə Bakıda ekoloji problemlərdən və ətraf mühit məsələlərindən bəhs edən, ekoloji problemləri diqqət mərkəzində saxlayan müxtəlif müzakirə, iclas və digər formatlarda tədbirlərin təşkil olunduğu Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilir. Bunun çərçivəsində təqdim olunan Dayanıqlı Moda Nümayişi də (“Sustainable Fashion Show”) həmin tədbirin bir hissəsidir. Düşünürəm ki, bu sivilizasiyamızın ekoloji məsuliyyətini nümayiş etdirmək üçün çox düzgün formatdır.
Bunu AZƏRTAC-a açıqlamasında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova deyib.
O bildirib ki, türk sivilizasiyasının mədəniyyəti və irsi ətraf mühitə çox həssasdır. Bütün istehsal tullantısız həyata keçirilir. "Bizim "Qurama" kimi bir sənətimiz var. Türk xalqlarında bu, belə bir prinsipdir: müəyyən geyim tikildikdən sonra, ilk baxışdan parça qalıqları kimi görünən materiallardan daha sonra sənət əsərləri yaradılır. Bunlar örtüklər, yorğanlar, müxtəlif geyimlərdir. Bu gün isə biz Dayanıqlı Moda Nümayişində məişət tullantısı kimi görünən əşyaların yeni məna qazandığını görürük. İnsanların gündəlik fəaliyyətindən yaranan tullantılar, məsələn, parça kəsikləri, müxtəlif qapaqlar, düymələr — rəssamlar onlarla işləməyə başlayanda sənət əsərlərinə çevrilirlər. Buna görə də şadam ki, bu cür layihələr həyata keçirilir və ətraf mühitin qorunmasına töhfə verir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, Türk Mədəniyyəti və İrsi Fondu da mədəniyyətimizin, eləcə də ümumtürk və bəşəri irsin qorunmasına yönəlmiş layihələri diqqətdə saxlayır və dəstəkləyir.