Jurnalistlər Qaradağ rayonundakı yeni kağız və gigiyenik məhsulların istehsalı müəssisəsində olublar VİDEO
Bakı, 16 sentyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən Qaradağ rayonundakı “Fabriora Group” MMC-nin kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinə mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, media nümayəndələri müəssisənin fəaliyyəti, istehsal prosesi, istehsal olunan məhsullar, quraşdırılan müasir avadanlıqlar və tətbiq edilən texnologiyalarla tanış olublar.
Bildirilib ki, dövlət əmlakının özəlləşdirilməsi və onun səmərəli idarə olunması Əmlak Məsələləri Dövlət Xidmətinin əsas fəaliyyət istiqamətlərindəndir. Bu sahədə əsas prioritet dövlət aktivlərinin iqtisadi dövriyyəyə cəlb edilməsi, özəl sektorun imkanlarının genişləndirilməsi, sahibkarlığın inkişafına dəstək göstərilməsi və sağlam rəqabət mühitinin gücləndirilməsidir. Son illərdə fəaliyyəti dayanmış və ya istehsal gücündən tam istifadə etməyən müəssisələrin iqtisadi dövriyyəyə cəlb edilməsi və fəaliyyətinin canlandırılması məqsədilə onların investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsinə üstünlük verilir.
Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsinin əməkdaşı Kənan Əhmədov mediatur zamanı bildirib ki, son 5 il ərzində investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə 145 milyon manatdan artıq investisiya yatırılıb. O qeyd edib ki, “Fabriora” MMC-nin müəssisəsi də bu yanaşmanın nəticəsində fəaliyyətini genişləndirən istehsal obyektlərindən biridir.
“Xidmətin investisiya müsabiqəsi vasitəsilə satışa çıxardığı bu müəssisə Türkiyənin tanınmış gigiyenik məhsullar istehsalçısı “Predo Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” şirkətinin təsis etdiyi yerli hüquqi şəxs tərəfindən özəlləşdirilib və 2024-cü il oktyabrın 11-də alqı-satqı müqaviləsi imzalanıb”, - deyə K.Əhmədov bildirib.
Qeyd olunub ki, müqaviləyə əsasən investor üç il ərzində dövlət büdcəsinə 15 milyon manat vəsait ödəmək öhdəliyi götürüb. Bu məbləğin 6,1 milyon manatlıq hissəsi artıq ödənilib. Eyni zamanda, investor tərəfindən müəssisəyə 15 milyon manat investisiya yatırılması nəzərdə tutulub. Azərbaycandakı əlverişli investisiya mühiti və dövlət tərəfindən yaradılan güzəşt və imtiyazlar nəzərə alınaraq investisiya həcminin 27 milyon manatadək artırılması qərara alınıb. Bu günədək 21 milyon manatlıq investisiya həyata keçirilib.
10,9 hektar ərazini əhatə edən istehsal kompleksində əsaslı yenidənqurma işləri aparılıb. Müəssisədə Almaniya, İtaliya və Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılıb. İnvestisiya Proqramında nəzərdə tutulan istehsal xətlərindən əlavə, yuyucu toz və maye sabun istehsalı xətləri də istismara verilib. Müəssisəyə “İnvestisiya Təşviq Sənədi” verilib. Şirkət avadanlıqların idxalı zamanı 1 milyon manat məbləğində güzəştdən faydalanıb.
“Predo Sağlık” şirkətinin baş direktoru Gökhan Özkundakçı mediatur çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycandakı müəssisədə istehsal olunan məhsullar həm daxili bazarın tələbatının ödənilməsinə, həm də ixracın genişləndirilməsinə yönəldiləcək. O qeyd edib ki, “Predo” brendinin məhsulları hazırda 80-dək ölkəyə ixrac olunur.
“Burada istehsal etdiyimiz məhsullar həm daxili, həm də xarici bazar üçün nəzərdə tutulub. Azərbaycandakı müəssisəmizdən də xarici bazarlara məhsul ixrac etməyi planlaşdırırıq. İlkin mərhələdə Rusiya, Qırğızıstan, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri də daxil olmaqla, təxminən 14-15 ölkəyə məhsul ixracı nəzərdə tutulur”, - deyə G.Özkundakçı vurğulayıb.
Şirkət rəhbərinin sözlərinə görə, müəssisənin yaradılmasının əsas məqsədlərindən biri daxili tələbatı yerli istehsal hesabına qarşılamaq, idxaldan asılılığı azaltmaq və Azərbaycanın ixrac potensialının artırılmasına töhfə verməkdir.
“Hazırda Azərbaycandakı fabrikimizdə 240 nəfər çalışır. Onların 95 faizi yerli kadrlardır. Xarici mütəxəssislər isə əsasən ixtisaslaşmış avadanlıqların idarə edilməsində çalışan baş operatorlardan ibarətdir”, - deyə baş direktor əlavə edib.
G.Özkundakçı bildirib ki, şirkət artıq bir sıra böyük ticarət şəbəkələri ilə əməkdaşlığa başlayıb. Hazırda məhsulların Azərbaycanda həmin şəbəkələr vasitəsilə istehlakçılara təqdim olunması istiqamətində işlər aparılır.
Xatırladaq ki, sentyabrın 10-da Prezident İlham Əliyev müəssisənin açılışında iştirak edib.