Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO
Bakı, 30 sentyabr, AZƏRTAC
Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin investisiya imkanlarının beynəlxalq investorların diqqətinə çatdırılması və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma kimi yadda qalıb. Forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard dollar olan investisiya layihələrini əhatə edən 23 sənədin imzalanması Azərbaycana investisiya marağının artdığını göstərir. Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrin genişləndirilməsi, qeyri-neft sektoruna investisiyaların artırılması, Orta Dəhlizin yaratdığı imkanlar və investisiya təşəbbüslərinin real layihələrə çevrilməsi kimi məsələlər diqqət mərkəzində olub.
Mövzu ilə bağlı iqtisadçı-ekspert, Kiçik və Orta Biznes Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
- II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ölkə iqtisadiyyatı üçün əsas əhəmiyyəti nədən ibarətdir və forum çərçivəsində hansı konkret nəticələri gözləmək olar?
- II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin beynəlxalq investisiya platforması kimi mövqeyinin möhkəmləndirilməsi, xarici investorlarla birbaşa əlaqələrin genişləndirilməsi və yeni investisiya layihələrinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Mövcud qlobal geosiyasi və geoiqtisadi proseslər fonunda investorların qərarlarına təsir edən amillər dəyişir. Əvvəllər vergi güzəştləri, subsidiyalar, əmək və istehsal xərcləri kimi iqtisadi amillər ön planda idisə, hazırda siyasi sabitlik, təhlükəsizlik, enerji təminatının etibarlılığı, logistika imkanları və təchizat zəncirlərinin dayanıqlılığı da xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan investorlar üçün əlverişli imkanlar təqdim edən ölkələrdən biridir.
İlk növbədə, ölkəmizin əlverişli coğrafi mövqeyi, zəngin enerji resursları, inkişaf etmiş nəqliyyat infrastrukturu, beynəlxalq bazarlara çıxış imkanları və uzunmüddətli siyasi sabitliyi investisiya cəlbediciliyini artıran əsas amillərdəndir. Xüsusilə Orta Dəhlizin inkişafı Azərbaycanın Avropa ilə Asiya arasında mühüm nəqliyyat və ticarət qovşağı kimi rolunu gücləndirir. Digər tərəfdən, son illərdə ölkədə investisiya mühitinin yaxşılaşdırılması, sənaye parklarının genişləndirilməsi, sahibkarlara təqdim olunan vergi və gömrük güzəştləri, infrastrukturun inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib. Sənaye parklarının rezidentlərinin sayında son beş ildə müşahidə olunan artım da bu istiqamətdə görülən işlərin nəticələrindən biridir.
Forumun əsas üstünlüklərindən biri ondan ibarətdir ki, bu tədbir artıq yalnız təqdimat və müzakirə platforması deyil, həm də konkret investisiya təşəbbüslərinin formalaşdırılması, beynəlxalq biznes əlaqələrinin qurulması və potensial tərəfdaşlıqların inkişafı üçün mühüm imkan yaradır. Forumun ikinci dəfə keçirilməsi və beynəlxalq iştirakçılara marağın artması Azərbaycanın investisiya potensialına diqqətin yüksəldiyini göstərir.
Forumdan gözlənilən real nəticələr sırasında yeni investisiya sazişlərinin və niyyət protokollarının imzalanması, birgə müəssisələrin yaradılması, qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi, texnologiya transferinin sürətləndirilməsi və yerli müəssisələrin beynəlxalq dəyər zəncirlərinə inteqrasiyasının genişləndirilməsi xüsusi qeyd olunmalıdır.
- Mövcud qlobal geosiyasi şəraitdə xarici investorların Azərbaycana marağını şərtləndirən əsas amillər hansılardır?
- Xarici investorların Azərbaycana marağını şərtləndirən bir sıra mühüm amillər mövcuddur. Bunların sırasında ölkəmizdəki siyasi və makroiqtisadi sabitlik, əlverişli biznes mühiti, strateji coğrafi mövqe, enerji təhlükəsizliyi, inkişaf etmiş infrastruktur və dövlət tərəfindən investorlar üçün yaradılmış güzəştli mexanizmləri xüsusi qeyd etmək olar. Hazırda dünyada baş verən geosiyasi gərginliklər, regional münaqişələr və beynəlxalq ticarət marşrutlarında yaranan çətinliklər investorları daha təhlükəsiz və etibarlı investisiya məkanları axtarmağa sövq edir. Bu baxımdan Azərbaycan, xüsusilə Çin, Körfəz ölkələrinin, Mərkəzi Asiyanın və digər regionların investorları üçün yeni imkanlar təqdim edir.
Ölkəmizin üstünlüklərindən biri də investorlar üçün əlverişli infrastruktur və enerji təminatıdır. Sənaye parklarında yaradılmış müasir infrastruktur, sahibkarlara təqdim edilən vergi və gömrük güzəştləri, kommunal xidmətlərə çıxış və dövlət dəstəyi istehsal müəssisələrinin yaradılması üçün əlverişli şərait formalaşdırır. Bununla yanaşı, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, xüsusilə Orta Dəhlizin inkişafında oynadığı rol ölkəmizi regional istehsal, logistika və distribusiya mərkəzinə çevirmək potensialına malikdir. Bu, yalnız Azərbaycanda istehsalın təşkili deyil, həm də məhsulların geniş regional bazarlara çıxarılması baxımından investorlar üçün əhəmiyyətlidir.
Xüsusilə vurğulamaq istərdim ki, hazırda investorlar yalnız kapital qoyuluşundan əldə edəcəkləri gəlirləri deyil, həm də investisiyalarının uzunmüddətli təhlükəsizliyini, təchizat zəncirlərinin fasiləsizliyini və beynəlxalq bazarlara çıxış imkanlarını nəzərə alırlar. Azərbaycan bu amillərin bir çoxunu özündə birləşdirən ölkə kimi xarici investorlar üçün cəlbedici platformadır.
- Forumda Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi məsələsi də müzakirə olunub. Bu regionla investisiya əlaqələrinin daha da inkişaf etdirilməsi Azərbaycan iqtisadiyyatına hansı yeni imkanları qazandıra bilər?
- Mərkəzi Asiya ilə iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi Azərbaycanın regional iqtisadi mövqeyinin gücləndirilməsi, yeni bazarlara çıxışın təmin edilməsi və qarşılıqlı investisiya axınlarının artırılması baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycan və Mərkəzi Asiya ölkələrini birləşdirən əsas amillərdən biri Orta Dəhlizdir. 2026-cı ilin ilk səkkiz ayında dəhliz üzrə yükdaşımaların 22 faiz artaraq 3 milyon tonu ötməsi bu marşruta tələbatın yüksəldiyini göstərir. Bu dəhliz təkcə nəqliyyat marşrutu deyil, eyni zamanda, ətrafında yeni sənaye, logistika, ticarət və xidmət ekosisteminin formalaşması üçün geniş imkanlar yaradan iqtisadi platformadır. Dünya Bankının 2026-cı il 28 sentyabr tarixli hesabatına əsasən, Orta Dəhlizin inkişafı üçün 2040-cı ilədək fiziki infrastruktur layihələrinə 25 milyard dollardan, dəstəkləyici investisiyalara isə əlavə 30 milyard dollardan çox vəsait tələb oluna bilər. Hesabatda, həmçinin 2040-cı ilədək dəhliz üzrə ümumi yükdaşımaların 2023-cü ildəki 8,8 milyon tondan 32,1 milyon tona yüksələ biləcəyi, Çin–Avropa marşrutunda konteyner daşımalarının müddətinin isə intensiv inkişaf ssenarisində 18–19 günə endirilə biləcəyi qeyd olunur.
Mərkəzi Asiya ölkələrinin investorlarının Azərbaycanda, Azərbaycan sahibkarlarının isə həmin ölkələrdə investisiya layihələrində iştirakının genişləndirilməsi qarşılıqlı iqtisadi inteqrasiyanı daha da gücləndirə bilər. Xüsusilə sənaye, kənd təsərrüfatı və aqrar emal, logistika, anbar təsərrüfatı, enerji, rəqəmsal texnologiyalar və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş potensial mövcuddur. Bu əməkdaşlıq Azərbaycan sahibkarları üçün yeni bazarlara çıxış, istehsal və ixrac coğrafiyasının genişləndirilməsi, regional tərəfdaşlıqların qurulması və investisiya imkanlarının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Mərkəzi Asiya ölkələrinin investisiya resurslarının Azərbaycana cəlb edilməsi ölkəmizdə yeni istehsal müəssisələrinin yaradılmasına, əlavə dəyərin formalaşmasına və məşğulluğun artmasına töhfə verə bilər.
Digər mühüm məqam Trans-Xəzər nəqliyyat əlaqələrinin inkişafıdır. Xəzər dənizi üzərindən yükdaşımaların səmərəliliyinin artırılması, liman infrastrukturunun, dəmir yollarının və logistika mərkəzlərinin əlaqələndirilməsi regionun beynəlxalq ticarətdə rəqabət qabiliyyətini yüksəldə bilər. Bu istiqamətdə həyata keçirilən infrastruktur layihələri Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında mühüm tranzit və ticarət qovşağına çevirə bilər.
Bununla yanaşı, region ölkələrinin sahibkarları arasında birbaşa biznes əlaqələrinin qurulması, birgə investisiya fondlarının yaradılması, sənaye kooperasiyasının təşviqi və qarşılıqlı investisiyaların dəstəklənməsi də vacibdir. Bu baxımdan investisiya forumları dövlət və özəl sektor nümayəndələrini bir araya gətirərək konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm platforma rolunu oynayır.
Mən hesab edirəm ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında investisiya əməkdaşlığının genişlənməsi təkcə ikitərəfli iqtisadi münasibətlərin inkişafına deyil, bütövlükdə regionun vahid iqtisadi məkan kimi formalaşmasına və beynəlxalq bazarlarda mövqelərinin güclənməsinə xidmət edə bilər.
- Forumda səsləndirilən təşəbbüslərin konkret və real investisiya layihələrinə çevrilməsi üçün bundan sonrakı mərhələdə hansı addımların atılması vacibdir?
- Qeyd olunduğu kimi, forum özü investisiya sazişlərinin imzalandığı ve reallaşdığı bir platformaya çevrilməkdədir. Keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələrinə görə, ümumi dəyəri 10 milyard dolları ötən sazişlərin 7 milyard dollardan çoxu qeyri-neft sektorunun payına düşüb. İnvestisiya forumlarının effektivliyi, ilk növbədə, tədbir çərçivəsində əldə olunan razılaşmaların konkret layihələrə və real investisiya qoyuluşlarına çevrilməsi ilə ölçülür. Bu baxımdan forumda səsləndirilən təşəbbüslərin sonrakı mərhələdə sistemli şəkildə müşayiət olunması xüsusi əhəmiyyət daşıyır.
İlk növbədə, potensial investorlarla yerli sahibkarlar arasında birbaşa biznes əlaqələrinin qurulması, investisiya layihələrinin iqtisadi və texniki əsaslandırılmasının hazırlanması, maliyyələşmə mənbələrinin müəyyənləşdirilməsi və müvafiq dövlət qurumları ilə əlaqələndirmənin təmin edilməsi vacibdir. Bu prosesdə dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi, investorların inzibati prosedurlarının sadələşdirilməsi, torpaq sahələrinin və infrastruktur imkanlarının əlçatanlığının artırılması, eləcə də investisiya təşviqi mexanizmlərinin təkmilləşdirilməsi mühüm rol oynayır. Xüsusilə sənaye parkları və digər investisiya təşviqi mexanizmləri çərçivəsində xarici investorların yerli sahibkarlarla kooperasiyasının təşviqi əlavə iqtisadi dəyər yarada bilər. Digər mühüm istiqamət investisiya təşəbbüslərinin konkret fəaliyyət planları əsasında izlənilməsidir. Forumda əldə olunan razılaşmalar üzrə məsul qurumların müəyyənləşdirilməsi, layihələrin icra müddətlərinin və maliyyə ehtiyaclarının dəqiqləşdirilməsi, eləcə də mütəmadi monitorinq mexanizminin tətbiqi təşəbbüslərin reallaşmasına töhfə verə bilər.
Burada yerli kiçik və orta biznesin (KOB) prosesə cəlb edilməsi də xüsusi əhəmiyyət daşıyır. Xarici investorların Azərbaycana yalnız kapital gətirməsi deyil, həm də yerli müəssisələrlə əməkdaşlıq qurması, texnologiya və idarəetmə təcrübəsi transfer etməsi, yerli məhsul və xidmətlərdən istifadə etməsi vacibdir. Bu, KOB-ların istehsal və ixrac potensialının artırılmasına, onların beynəlxalq dəyər zəncirlərinə inteqrasiyasına və rəqabət qabiliyyətinin yüksəldilməsinə imkan yarada bilər. Bu baxımdan, xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlığın qurulmasını, investisiya layihələri üzrə biznes tərəfdaşlarının tapılmasını və KOB-ların beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsini mühüm istiqamətlərdən biri hesab edirik.
Ümumilikdə, investisiya forumlarının nəticəyönümlü olması üçün əsas məqsəd yalnız investisiya həcminin artırılması deyil, həm də bu investisiyaların ölkə iqtisadiyyatında yaratdığı əlavə dəyərin, yeni iş yerlərinin, texnologiya transferinin və ixrac imkanlarının genişləndirilməsidir. Məhz bu yanaşma Azərbaycanın regional investisiya mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə və uzunmüddətli iqtisadi inkişafına xidmət edəcək.
Müxbir – Vüsalə Səfərova