Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir VİDEO
Bakı, 6 oktyabr, AZƏRTAC
Orta Dəhliz uzun illər Asiya ilə Avropa arasında alternativ nəqliyyat marşrutu kimi təqdim olunub. Lakin hazırda bu yanaşmanı daha geniş müstəvidə nəzərdən keçirmək və dəhlizi inteqrasiya olunmuş, etibarlı və rəqabətqabiliyyətli təchizat zənciri ekosisteminə çevirmək lazımdır.
AZƏRTAC xəbər verir ki, bunu “Silk Way West Airlines” şirkətinin vitse-prezidenti Vüqar Məmmədov Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.
O bildirib ki, dəhlizin gücü onun ayrı-ayrı hissələri arasındakı əlaqələrdən asılıdır. Dəmir yolları, limanlar, aviasiya, avtomobil nəqliyyatı, gömrük və rəqəmsal sistemlər ayrı-ayrılıqda deyil, vahid sistem kimi fəaliyyət göstərməlidir. Azərbaycan Mərkəzi Asiya, Xəzər dənizi, Qafqaz, Türkiyə və Avropa arasında yerləşməsi ilə bu əlaqələndirici rolu oynamaq üçün əlverişli mövqeyə malikdir.
V.Məmmədov deyib ki, “Silk Way West Airlines” uzun illərdir Bakını qlobal yük aviasiyası mərkəzinə çevirmək istiqamətində fəaliyyət göstərir. Hazırda aviaşirkətin şəbəkəsi Azərbaycanı Avropa, Asiya, Yaxın Şərq və Amerika qitəsinin əsas bazarları ilə birləşdirir: “Almaniya bu sistemin xüsusilə mühüm hissəsidir. Hazırda Azərbaycan ilə Almaniya arasında həftədə 12 uçuş həyata keçiririk. Buna görə də iki ölkə arasında bağlantı bizim üçün nəzəri anlayış deyil. Təyyarələr müntəzəm olaraq Bakı ilə Almaniya arasında yük daşıyır, alman sənayesini və istehlakçılarını yalnız Azərbaycanla deyil, Bakı vasitəsilə daha geniş coğrafiya ilə əlaqələndirir”.
O qeyd edib ki, aviasiya Orta Dəhlizin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Ənənəvi olaraq Orta Dəhliz əsasən dəmir yolu və dəniz nəqliyyatı marşrutu kimi nəzərdən keçirilir. Bu nəqliyyat növləri dəhlizin əsasını təşkil edəcək. Lakin bütün yüklərin eyni tələbləri yoxdur. Bəzi yüklər üçün qiymət, digərləri üçün isə sürət daha mühümdür: “Bu baxımdan dəmir yolu ilə hava nəqliyyatının inteqrasiyası böyük potensiala malikdir. Çin və ya Mərkəzi Asiyadan gələn yük Trans-Xəzər Marşrutu ilə Azərbaycana çatdırıldıqdan sonra, ehtiyacdan asılı olaraq Bakıda hava nəqliyyatına keçirilə, bir neçə saat ərzində Almaniya və digər Avropa istiqamətlərinə çatdırıla bilər”.
V.Məmmədovun sözlərinə görə, Ələt Logistika Mərkəzi məhz bu cür inteqrasiya olunmuş modelin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Məqsəd hava nəqliyyatının dəmir yolu ilə rəqabət aparması deyil, onların üstünlüklərini birləşdirməkdir. Dəmir yolu uzun məsafələrdə böyük həcm və xərc səmərəliliyi, hava nəqliyyatı isə sürət və çeviklik təmin edir. Dəniz nəqliyyatı Xəzərin iki sahilini birləşdirir, avtomobil nəqliyyatı isə ilk və son mərhələlərdə çevikliyi təmin edir.
“Azərbaycan müxtəlif nəqliyyat növlərinin bir araya gəldiyi məkan ola bilər. Bu, xüsusilə elektronika, dərman preparatları, ehtiyat hissələri, elektron ticarət məhsulları və digər yüksək dəyərli, vaxt baxımından həssas yüklər üçün əhəmiyyətlidir. Müştəri üçün sual yalnız dəmir yolu, yaxud hava nəqliyyatından istifadə etmək deyil.
Şirkətin vitse-prezidenti bildirib ki, son illərdə qlobal təchizat zəncirlərində baş verən fasilələr şirkətləri marşrutların şaxələndirilməsinə, etibarlılığın və daşımaların izlənilməsi imkanlarının artırılmasına sövq edib. Bu baxımdan Orta Dəhliz mövcud marşrutların tam əvəzedicisi kimi deyil, qlobal logistika şəbəkəsinə əlavə və etibarlı alternativ kimi inkişaf etdirilməlidir.
O qeyd edib ki, Ələtdə yaradılan logistika imkanlarının əhəmiyyəti yalnız yeni yük terminalı və ya anbar infrastrukturunun formalaşdırılması ilə məhdudlaşmır. Burada aviasiya, dəmir yolu, dəniz və avtomobil nəqliyyatı, anbar, gömrük və paylama xidmətlərinin vahid logistika ekosistemində birləşdirilməsi nəzərdə tutulur.
V.Məmmədovun sözlərinə görə, Ələt Logistika Mərkəzində birbaşa dəmir yolu bağlantısı, regional avtomobil daşımaları və paylama imkanları, rəqəmsal təchizat zəncirinin izlənilməsi və anbar infrastrukturu yaradılması planlaşdırılır. Yeni Ələt Beynəlxalq Hava Limanı isə bu ekosistemin aviasiya komponentini formalaşdıracaq.
O əlavə edib ki, əsas məqsəd yalnız yükdaşıma imkanlarını artırmaq deyil, bu potensialdan səmərəli istifadə etməkdir. Mərkəzi Asiya və Çindən gələn dəmir yolu yüklərinin səmərəli gömrük prosedurları, anbar, avtomobil daşımaları və beynəlxalq hava yük şəbəkəsi ilə birləşdirilməsi Azərbaycanın sadəcə tranzit ölkə deyil, yüklərin konsolidasiya edildiyi, bir nəqliyyat növündən digərinə keçirildiyi, emal və yenidən paylandığı mühüm logistika mərkəzinə çevrilməsinə imkan verəcək.