Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək
Bakı, 6 oktyabr, AZƏRTAC
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərə maddi mükafat veriləcək.
AZƏRTAC xəbər verir ki, bu Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsində əksini tapıb.
Belə ki, verilmiş məlumat öz təsdiqini tapdıqda məlumat verən şəxsə təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) təşkilat rəhbərinin qərarı ilə maddi mükafat ödəniləcək.
Mükafat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılaraq öz təsdiqini tapması barədə məlumat verən şəxsin məlumatlandırıldığı tarixdən 10 (on) iş günü müddətində ödəniləcək.
Qanun layihəsinə əsasən, mükafatın məbləği minimum əməkhaqqı məbləğinin 25 mislindən çox ola bilməz. Mükafatın məbləği müəyyən edilərkən korrupsiya ilə əlaqədar hüquqpozmanın xarakteri, faktların sayı, verilmiş məlumatın korrupsiya ilə əlaqədar hüquqpozmanın aşkar edilməsində əhəmiyyəti, vurulmuş zərərin və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınır.