SİYASƏT
Atlantika Şurasında enerji təhlükəsizliyi məsələləri müzakirə edilmiş, Cənub Qaz Dəhlizinin rolu vurğulanmışdır VİDEO
Vaşinqton, 4 aprel (AZƏRTAC). ABŞ Dövlət Departamentinin xüsusi elçisi və əlaqələndiricisi Karlos Paskual aprelin 3-də Vaşinqtonda, Atlantika Şurasında “Ukraynada böhran: enerji amili” mövzusunda məruzə ilə çıxış etmişdir.
K.Paskual Avropanın təbii qaz ilə təchizatında fasilələrdən, ölkələrin ilkin qaz təchizatı mənbələrindən idxal olunan qazı üçüncü ölkələrə satmasına mane olan hüquqi aspektlərdən və Avropanın enerji təhlükəsizliyinin zəif cəhətlərinin aradan qaldırılması üzrə tədbirlərdən söz açaraq qeyd etmişdir ki, Avropa 2009-cu ildən siyasi təzyiq vasitəsi kimi təbii qaz təchizatından istifadə faktlarının qarşısının alınmasına yönəlmiş qərarlar qəbul etməyə başlamışdır. Məsələn, K.Paskual bildirmişdir ki, şimaldan cənuba, cənubdan qərbə, qərbdən şərqə qaz nəqlini sadələşdirmək üçün bir neçə qonşu ölkənin qazpaylayıcı şəbəkələri yenilənmişdir. Balkan ölkələrində paylaşdırma sistemlərinin yenilənməsini də buna aid etmək olar. Avropa ölkələrinin maye qazla təchizatının əhəmiyyətindən danışan Dövlət Departamentinin xüsusi nümayəndəsi bildirmişdir ki, hazırda Avropa 45 milyard kubmetr maye qaz idxal edir, lakin bu həcm gələcəkdə artacaqdır. O demişdir ki, hazırda Ukrayna 35 milyard kubmetr həcmində qaz ehtiyatı saxlamaq iqtidarındadır, lakin onun qonşuları Moldova və Bolqarıstan bütünlüklə Rusiya qazının nəqlindən asılıdırlar.
K.Paskual məruzəsində enerji təhlükəsizliyinin təmin olunmasında və Azərbaycan qazının Cənubi Avropaya daşınmasında Cənub Qaz Dəhlizinin rolunu xüsusi vurğulamışdır. Dövlət Departamentinin xüsusi nümayəndəsi “Cənub axını” layihəsi ilə bağlı işlərin vəziyyəti barədə suala cavabında qeyd etmişdir ki, “Cənub axını” ilə Avropaya daşınmaq üçün nəzərdə tutulan qaz “köhnə” sayılır, halbuki Cənub Qaz Dəhlizi ilə Avropaya nəql olunacaq qaz “yenidir”. Bununla o, Avropanın yeni mənbələrdən qaz idxal etməsinin əhəmiyyətini auditoriyaya izah etmişdir.
Yusif Babanlı
AZƏRTAC -ın xüsusi müxbiri
Vaşinqton