MƏDƏNİYYƏT
Maqtas – İsa Məsihin İordan çayında xaç suyuna salındığı yerdir VİDEO
Əmman, 2 may (AZƏRTAC). Çox vaxt açıq səma altında muzey adlandırılan İordaniyanı haqlı olaraq turizm ölkəsi hesab edirlər. Çoxəsrlik zəngin tarixi, dini və tarixi mədəniyyət abidələri, heyrətamiz təbiəti ilə seçilən bu ölkə bütün dünyadan minlərlə turistin diqqətini cəlb edir.
İordaniyanın bənzərsiz gözəllikləri, buradakı çoxsaylı müqəddəs ziyarətgahlar və unikal mənzərələr onun hər hansı başqa ölkə ilə müqayisədə rəqabət üstünlükləridir.
Ölkədə ən çox ziyarət edilən məkanlardan biri iordaniyalıların Maqtas adlandırdıqları İordan çayı dır. İsa Məsih bu çayda xaç suyuna salınmışdır. Hər il dünyanın bütün guşələrindən minlərlə zəvvar, eləcə də dünya tarixinə və incəsənətinə maraq göstərən adi insanlar xristianların müqəddəs saydığı bu yerə gəlir, Əhdi-ətiq ənənələrinə uyğun olaraq xaç suyuna salınır və günahlarını yuyurlar. Xristianların əsas bayramlarından biri olan Xaçaçuran hər il qeyd edilir.
Müqəddəs kitablarda göstərilir ki, İohan Predteça İordan çayının sahillərində insanları xaç suyuna salarkən İsa Məsih Nazaretdən İordan çayına gəlmiş və İohan Pretteça onun istəyini yerinə yetirmişdir. O vaxtdan bu saflaşma ayini dindarlar üçün nümunə və kilsənin mühüm mərasimlərindən biri olmuşdur. Qeyd etmək lazımdır ki, İsa Məsihin ayaq basdığı bu əraziyə təkcə bayram günlərində deyil, bütün il ərzində çoxsaylı turistlər gəlir.
Maqtasda peyğəmbərlərin 10 müqəddəs ziyarətgahı da vardır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman