Azərbaycanın Avstriyadakı səfirliyində “Açıq qapı” günü və kinoaktyor Hans Mozerin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir VİDEO
Vyana, 18 iyun (AZƏRTAC). İyunun 18-də Azərbaycanın Avstriyadakı səfirliyində “Açıq qapı” günü və almandilli məkanda ən məşhur aktyorlardan biri olmuş Hans Mozerin vəfatının 50 illiyi münasibətilə xatirə tədbiri keçirilmişdir.
“Hans Mozer villası” kimi tanınan Azərbaycan səfirliyinin binasını gün ərzində ziyarət edən qonaqlar burada təşkil edilmiş sərgi ilə tanış olmuşlar. Sərgidə görkəmli Avstriya kino və teatr aktyoru Hans Mozerin həyat və yaradıcılığını əks etdirən fotolar, onun ömrünün böyük bir hissəsini yaşadığı binanın tarixi haqqında sənədli materiallar, eləcə də ən məşhur filmlərindən epizodlar nümayiş etdirilmişdir.
Həmin axşam isə səfirlikdə Hans Mozerin vəfatının 50 illiyi münasibətilə xatirə tədbiri keçirilmişdir. Tədbirdə Avstriyanın dövlət və hökumət təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri, Hans Mozer sənətinin vurğunları və səfirliyimizin yerləşdiyi Hitzinq rayonunun sakinləri iştirak etmişlər.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov səfirlik tərəfindən Avstriya kino sənətinin ən görkəmli nümayəndələrindən biri Hans Mozerin xatirəsinin daim diqqətdə saxlandığını, səfirliyin binası önündə onun xatirə lövhəsinin vurulduğunu diqqətə çatdırmışdır.
Diplomat yerli əhalinin sevimlisi olmuş unudulmaz sənətkarın xatirəsini onun uzun müddət yaşadığı villada vyanalılarla birgə qeyd etməkdən məmnun olduğunu bildirmişdir.
Səfir əməkdaşlığa görə Hitzinq rayon Maqistratı, Vyana Teatr Muzeyi və Hitzinq Rayon Muzeyinə təşəkkür etmişdir.
Vyananın Hitzinq rayonu Maqistratının rəhbəri Silke Kobald Avstriyanın ən tanınmış kinoaktyorunun yaşadığı binada keçirilən tədbirə, xüsusilə də bu binanın təmir olunaraq istifadə edilməsinə görə bütün rayon sakinləri adından təşəkkürünü bildirmişdir.
Sonra vaxtilə Hans Mozer ilə eyni səhnəni paylaşmış və filmlərə çəkilmiş aktrisa və müğənni Valtraud Haas, müğənnilər Volf Aurix və Tamara Troyani fortepianoda Konstantin Şenkin müşayiəti ilə Hans Mozerin məşhur mahnılarını ifa etmiş, onun ən tanınmış filmlərindən səhnəciklər canlandırmışlar.
Sonda qonaqlara ziyafət verilmişdir.
Xatırladaq ki, almandilli teatr və kino səhnəsinin ən tanınmış nümayəndələrindən biri olan Hans Mozer (1880-1964) 100-dən artıq bədii filmdə bir-birindən əvəzsiz rollar yaratmaqla yanaşı, xalq mahnılarının da gözəl ifaçısı olmuşdur. Özünəməxsus Vyana ləhcəsində danışan və əsasən komik rollara çəkilən H.Mozerin filmləri bu gün də əhali tərəfindən çox sevilir. Ötən əsrin 20-ci illərindən etibarən ömrünün sonunadək müxtəlif xarakterləri canlandıran Hans Mozerə ekranlarda “əsl vyanalı” obrazını yaratmaq müyəssər olmuşdur. H.Mozerə məxsus olmuş və ömrünün son 30 ilini keçirdiyi evdə hazırda Azərbaycan səfirliyi yerləşir. Əsaslı təmir edilmiş və önündə xatirə lövhəsi yerləşdirilmiş “Hans Mozer villası”na göstərilən qayğı yerli əhali tərəfindən Azərbaycan hökumətinin Avstriya mədəniyyəti tarixinə bir töhfəsi kimi yüksək qiymətləndirilir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana