ELM VƏ TƏHSİL
Azərbaycanlı gənclər Çində keçirilmiş yay məktəbində iştirak ediblər VİDEO
Bakı, 6 avqust (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çində bu ölkənin mədəniyyətinə həsr olunmuş yay məktəbi keçirilib.
Yay məktəbində azərbaycanlı gənclər də iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, yay məktəbinin Anxoy Universitetində təşkil olunmuş açılış mərasimində çıxış edən prorektor Nyu Liven ölkələrimiz arasındakı dostluq münasibətlərindən və tələbə mübadiləsindən danışıb.
Universitetin tarixi barədə məlumat verən Nyu Liven bu ali təhsil müəssisəsində azərbaycanlı tələbələrin də oxuduqlarını diqqətə çatdırıb və onların sayının tezliklə daha da artırılacağını vurğulayıb.
Konfutsi İnstitutunun Azərbaycan filialının Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) ilə əməkdaşlığını yüksək qiymətləndirən prorektor dünya informasiya məkanında mühüm yeri olan AZƏRTAC-da Çin dilində xəbərlər bölməsinin və agentliyin saytının Çin dili versiyasının yaradılmasını böyük uğur kimi dəyərləndirib.
Universitetin professoru, Konfutsi İnstitutunun Çili filialının keçmiş rəhbəri xanım Yanq Siyao Li yay məktəbinin əhəmiyyətindən danışıb. Bir neçə il əvvəl Bakıda olduğunu diqqətə çatdıran Yanq Siyao Li burada gördüyü qonaqpərvərlikdən söz açıb.
Konfutsi İnstitutunun Azərbaycan filialının direktoru xanım Hu Fenxua ölkəmizdə Çin dilinə artan maraqdan bəhs edib və bu ölkənin mədəniyyətinin yayılmasında onlara dəstək olan AZƏRTAC-ın və Bakı Dövlət Universitetinin fəaliyyətini yüksək qiymətləndirib. Bu ilki yay məktəbinin Konfutsi İnstitutunun yaranmasının 10 illiyinə həsr olunduğunu diqqətə çatdıran Hu Fenxua Çin dilini öyrənən gənclərin bu ölkəyə səfərinin əhəmiyyətindən danışıb.
Sonra AZƏRTAC-ın müxbiri Pərvanə Rəhimova çalışdığı agentliyin dünya informasiya məkanındakı aparıcı rolu və mövqeyi barədə təqdimatla çıxış edib.
Yay məktəbi çərçivəsində Çin dilini öyrənən azərbaycanlı gənclər üçün təlimlər təşkil olunub. Təlimlərdə bu ölkənin tarixi, mədəniyyəti və incəsənəti haqqında məlumat verilib.
Azərbaycanlı gənclər qədim Çin kağız sənətkarlığı ilə tanış olub, onlara bu sənətin incəlikləri nümayiş etdirilib.
Yay məktəbinin azərbaycanlı və çilili iştirakçıları Xuanşan dağına ekskursiyaya gediblər. Onlar, həmçinin Xefeydəki Elm və Texnologiya Universitetində olub, Pekində Böyük Çin səddinə ekskursiya ediblər. Daha sonra azərbaycanlı gənclər Pekinin mərkəzində yerləşən Səma məbədində və məşhur Tenanmen meydanında olublar.
Çində keçirilən yay məktəbinin başa çatması ilə əlaqədar bu tədbirdə uğurla iştirak etmiş azərbaycanlı iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, yay məktəbinin sertifikatını alanlar arasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin müxbirləri Səxavət Quliyev və Pərvanə Rəhimova da vardır.