“92-ci ilin qarı” adlı sənədli film təqdim olunub
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Bakıda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC Bakı şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Mili Məclisin deputatları Mahir Abbasov və Flora Qasımova çıxış edərək Xocalı faciəsinin xalqımızın tarixində ən böyük faciə olduğunu söyləyiblər. Vurğulanıb ki, Ermənistanın hərbi-siyasi təcavüzü nəticəsində baş vermiş Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən qınanmalı, beynəlxalq təşkilatlar, xarici ölkələrin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verməlidirlər.
Qeyd olunub ki, bu gün dünyanın 20-dən çox ölkəsi Xocalı faciəsini tanıyır. O cümlədən ABŞ-ın 20-dək ştatında bu faciənin erməni vandalları tərəfindən törədildiyi təsdiqlənib.
Diqqətə çatdırılıb ki, Ermənistan öz havadarlarının köməyi ilə Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirib, Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını da işğal edib. Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulub, 50 mindən çox insan yaralanıb və əlil olub, torpaqlarımızın 20 faizi işğala məruz qalıb.
Tədbirdə Bakı şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsinin rəhbəri Gültəkin Nəriman Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yorulmadan fəaliyyət göstərilməsinin, informasiya-təbliğat sahəsində mübarizənin davam etdirilməsinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Sonra G.Nərimanın ekranlaşdırdığı “92-ci ilin qarı” adlı sənədli filmin təqdimatı olub.