SİYASƏT
Səfir Yuris Maklakovs: İnsanlar dürüst xəbərləri məhz AZƏRTAC kimi informasiya agentliklərindən əldə edirlər VİDEO
Bakı, 29 aprel, AZƏRTAC
AZƏRTAC ilə Latviyanın LETA agentliyi arasında əlaqələrin daha da inkişafı, birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar var.
Bu fikir Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs ilə aprelin 29-da AZƏRTAC-da keçirilən görüşdə səslənib.
Azərbaycanın artıq dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkana çevrildiyini qeyd edən baş direktor Aslan Aslanov ölkədə medianın inkişafı məsələlərinin də daim diqqət mərkəzində olduğunu bildirib.
Görüşdə AZƏRTAC ilə LETA agentliyi arasında əməkdaşlıq müqaviləsinin mövcud olduğu bildirilib, səfirliyin dəstəyi ilə bu münasibətlərin daha da yaxınlaşacağına əminlik ifadə olunub. Qeyd edilib ki, onlayn medianın sürətli inkişafı dövründə informasiya mübadiləsinin böyük əhəmiyyəti var və əlaqələri inkişaf etdirməklə hər iki xəbər agentliyi ölkələrimizin mədəniyyəti, turizm potensialı, iqtisadiyyatı haqqında məlumatları daha geniş auditoriyada yaya bilərlər.
Səfir Yuris Maklakovs onlayn jurnalistika və sosial media vasitəsilə hadisələr haqqında məlumatların sürətlə yayıldığını, hazırda hədsiz sayda informasiya mənbələrinin mövcud olduğunu bildirərək deyib: “Buna baxmayaraq, insanlar dürüst xəbərləri məhz AZƏRTAC kimi informasiya agentliklərindən əldə edir, etibarlı xəbər mənbələrinə üz tuturlar”. Diplomat hər iki ölkənin qocaman informasiya agentlikləri olan LETA ilə AZƏRTAC arasında əlaqələrin dərinləşdirilməsi üçün lazımi dəstək verməyə hazır olduğunu qeyd edib.
Görüşdə AZƏRTAC-ın bu ilin noyabrında Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının XVI Baş Assambleyasına ev sahibliyi edəcəyi diqqətə çatdırılıb, sosial medianın inkişafı, informasiya məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.