REGİONLAR
Xaçmazlı balaca teatrsevərlər “Qızıl cücə”yə tamaşa ediblər VİDEO
Xaçmaz, 8 iyun, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi Xaçmazda balaca teatrsevərlərə “Qızıl cücə” tamaşasını təqdim edib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin səhnəsində oynanılan tamaşada 15 nəfərlik aktyor heyəti yer alıb.
Rus dilində təqdim olunan tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Boris Qrafkindir. Əsas rolları isə Əməkdar Artist Svetlana Bulax, istedadlı aktyorlar Rauf Babayev, Yuliya Heydərova, Mehriban Zalıyeva, Marina Litvinenko və başqaları ifa ediblər.
Əsas mövzusunu sevgi, qayğı və mərhəmətin təbliği təşkil edən tamaşa balacalar tərəfindən maraqla qarşılanıb.
Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi bundan əvvəl Masallıda qastrol səfərində olub. Teatrın regionlara səfərləri bundan sonra da davam etdiriləcək.