İDMAN
Azərbaycan paracüdoçuları dünya çempionatını səkkiz medalla başa vurublar VİDEO
Bakı, 19 noyabr, AZƏRTAC
Paracüdo üzrə Azərbaycan milli komandası Portuqaliyanın Odivelas şəhərində keçirilən dünya çempionatını səkkiz medalla başa vurub.
Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, çempionatda fərdi yarışlarda millimiz bir qızıl, iki gümüş və üç bürünc medal qazanıb. Komanda yarışlarında kişilərdən və qadınlardan ibarət millilərimiz də bürünc medallara sahib olublar.
Qadınlardan ibarət milli komandamızın idmançısı Şəhanə Hacıyeva 48 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb.
Komanda yarışlarında qadınlardan ibarət milli komandamızın idmançıları Şəhanə Hacıyeva (52 kq), Səbinə Abdullayeva (63 kq), Xanım Hüseynova (63 kq), Zülfiyə Hüseynova (70 kq) və Sevda Vəliyeva (52 kq) bürünc medala sahib olublar. Kişilərdən ibarət milli komandamızın üzvləri İlham Zəkiyev(+90 kq), Ramil Qasımov (73 kq), Bayram Mustafayev (73 kq), Orxan Qarayev (66 kq), Namiq Abaslı (81 kq), Kənan Abdullaxanlı (+90 kq), Vüqar Şirinli (66 kq), Hüseyn Rəhimli (81 kq) və Rövşən Səfərov (90 kq) millimizin aktivinə bürünc medallar yazdırıblar.
Azərbaycan milli paralimpiya komandası yarışda iştirak edən 42 komanda arasında üçüncü yeri tutub.
Bu çempionatdan başlayaraq idmançılar “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq üçün xallar toplamağa başlayıblar.
İdmançılarımız dünya çempionatında Azərbaycan Cüdo Federasiyanın dəstəyi ilə iştirak edib.