ELM VƏ TƏHSİL
Azərbaycan xalqının milli birlik ideyalarının formalaşmasında ənənəvi inancların roluna dair seminar keçirilib
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 13–də Azərbaycan İlahiyyat İnstitutunda “Çoxmilli və çoxkonfessional Azərbaycan xalqının milli birlik ideyalarının formalaşmasında ənənəvi inancların rolu” mövzusunda növbəti seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, rektor Ceyhun Məmmədov ölkəmizin tarixən müxtəlif dinlərin və mədəniyyətlərin kəsişməsində yerləşdiyini, əsrlərboyu Azərbaycanda yaşayan xalqların qarşılıqlı anlaşma və dostluq şəraitində yaşadığını vurğulayıb. O, ölkəmizdəki dini və mədəni tolerantlıq ənənəsinin qorunmasında və inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin xüsusi rolu olduğunu bildirib. Rektor, həmçinin Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünyada təbliğ olunmasında Heydər Əliyev Fondunun, xüsusən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini qeyd edib.
Daha sonra “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli əsas məruzəçi kimi çıxış edib. O, xalqımızın etnogenezi və mədəniyyətinin formalaşmasının mürəkkəb və qarışıq şəraitdə baş verdiyini, bu baxımdan Azərbaycan əhalisinin monoetnik və monokonfessional olmadığını deyib. Ş.Həsənli müxtəlif dinlərə mənsub türk, Qafqaz, Hind-Avropa xalqlarının bu coğrafiyada əsrlərlə bir arada sülh içində yaşadığını, azərbaycanlıların həmişə dominant dini inancı və bu inanca dayanan vahid dəyərlər sisteminin olduğunu, hər bir etnik və konfessional qrupun özünü bu millətin ayrılmaz hissəsi saydığını və mədəniyyətimizin zənginləşməsinə öz töhfəsini verdiyini bildirib.
Diqqətə çatdırılıb ki, hələ qədim zamanlardan mistisizmə inanan azərbaycanlıların irfan dünyagörüşü sayəsində İslamın rəngarəngliyi və çoxşaxəliliyi ixtilaflara deyil, tolerantlıq və harmoniyaya yönəlib. Ş.Həsənli XI-XIV əsrlərdə İslam dünyasındakı fəlsəfəçilərlə ehkamçıların qarşıdurmasının Azərbaycandan nəinki yan keçdiyini, hətta ölkəmizin bir çox fəlsəfi-irfani cərəyanların Vətəninə çevrildiyini qeyd edib.