Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında şəhidlərin xatirəsinə həsr olunan ağacəkmə aksiyası keçirilib
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında həmin rayonun şəhidlərinin xatirəsinə həsr olunan ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə güllər düzüb, xatirəsini dərin ehtiramla yad ediblər. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Nigar Arpadarai Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün ərzində düşmənə layiqli cavab verdiyini və 30 illik torpaq həsrətinə son qoyduğunu bildirib. O, ərazi bütövlüyümüz uğrunda canından, qanından keçənlərin adlarının əbədiləşdirilməsinin hər şeydən önəmli olduğunu qeyd edib: “Şəhidlərimiz özlərindən sonra böyük qəhrəmanlıq yolu miras qoydular. Demək olar ki, hər gün şəhid valideynləri ilə görüşür, şəhidlərimizin xatirəsinə təşkil olunan müxtəlif tədbirlərdə iştirak edirik. Bu gün də şəhidlərimizin xatirəsinə keçirilən ağacəkmə aksiyasında qəhrəmanlarımızın ailə üzvləri, qazilərlə birlikdəyik. Əziz şəhid valideynləri, biz sizinlə qürur duyuruq ki, belə övladlar yetişdirmisiniz. Əziz qazilərimiz, sizin kimi Vətən övladları ilə fəxr edirik. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzu edirəm”.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun sözlərinə görə, çox şərəfli bir tarixə - Zəfər Gününə sayılı günlər qalmış keçirilən bu tədbirin dəyəri hər kəs üçün böyükdür: “Şəhidlərimizin adını eşidəndə, onların qəhrəmanlıqları haqqında məlumat alanda həm qürurlanır, həm də kədərlənirik. Kədərimizin səbəbi elə oğulları itirməyimizdir. Şəhidlərimiz, onların ailələri, qazilərimiz bizim üçün çox qiymətlidir. Səbail rayonu Vətən müharibəsində 15 şəhid verib. Həmin rəqəm bugünkü ağacəkmə aksiyasında da simvolik olaraq əksini tapıb”.
Şəhid Murad Qurbanovun anası Mehriban Qurbanova təşkil olunan tədbirə görə Səbail rayon şəhid anaları adından minnətdarlığını bildirərək deyib: “Belə tədbirlərin keçirilməsi şəhid ailələrinə təsəllidir. Bir neçə gündən sonra biz uzun illər gözlədiyimiz Zəfərin ildönümünü qeyd edəcəyik. Qələbəni Ali Baş Komandanın güclü siyasəti, Ordumuzun qəhrəman əsgər və zabitlərinin şücaəti hesabına qazandıq. Allah xalqımıza Zəfər bayramı yaşadan şəhid balalarımızın ruhunu şad etsin, qazilərimizə şəfa versin. Uca Yaradan ölkəmizi qorusun, ordumuzu xəta-bəladan hifz eləsin”.
Sonda tədbir iştirakçıları Badamdar qəsəbəsinin Birinci Qarabağ müharibəsində şəhid olan sakinlərinin şərəfinə açılmış xatirə lövhəsinin önünə gül dəstələri qoyub, ruhlarına dərin ehtiramlarını bildiriblər.