CƏMİYYƏT


Bakıda Frankofoniya həftələri çərçivəsində “Le Carrefour” qəzetinin təqdimatı keçirilib

Bakı, 5 aprel, AZƏRTAC

Aprelin 5-də Azərbaycandakı Fransız İnstitutunda “Le Carrefour” ("Yol qovşağı") qəzetinin təqdimatı keçirilib. Tədbirdə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Milli Məclisin deputatları, fransız dili üzrə mütəxəssislər və media nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qəzetin təsisçisi və baş redaktoru Zeynəb Kazımova qəzet haqqında məlumat verib. O bildirib ki, “Le Carrefour” qəzeti bir qrup frankofon və frankofil jurnalistləri tərəfindən yaradılıb. 2007-ci ildə Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. İlk nömrəsi 2007-ci ilin iyulunda nəşr olunan qəzetin əsas məqsədi isə fransız dilində Azərbaycanın gündəlik xəbərlərini işıqlandırmaq, frankofon ölkələrinin əlaqələrinə dəstək vermək və milli-mənəvi dəyərlərimizi fransızdilli ölkələrdə tanıtmaqdır. Bundan əlavə, qəzet ölkəmizin universitetlərində müxtəlif tədbirlər, konfranslar keçirib. Həmçinin 2016-cı ilin yanvarında qəzetin təşəbbüsü ilə Jurnalist Qadınlar Assosiasiyası ilə birgə ermənilər tərəfindən qətlə yetirilmiş jurnalist Salatın Ələsgərovaya həsr olunan tədbir keçirilib.

2009-cu ildə qəzetin internet saytı yaradılıb. Hazırda qəzet yalnız elektron formada fəaliyyət göstərir.

Tədbirdə iştirak edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, “Le Carrefour” qəzeti Azərbaycan Mətbuat Şurasının üzvüdür və ölkəmizdə yeganə fransızdilli qəzetdir. “Le Carrefour” qəzetinin rəhbərliyi ilə Azərbaycanda xaricidilli informasiya vasitələrinə həsr olunmuş tədbirlər keçirilib. Ölkəmizdə fransız dili sevilir, məktəb və universitetlərdə tədris olunur. Bu dil azərbaycanlıların sevdiyi Hüqonun, Zolyanın, Volterin, Balzakın dilidir.

Daha sonra Orelia Buşez qeyd edib ki, Azərbaycanda Frankofoniya həftələri iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etməsinə kömək edəcək. Qəzetin hazırkı fəaliyyəti fransızdilli oxucuları sevindirir, həmçinin bu qəzetin universitetlərlə və müxtəlif təşkilatlarla əməkdaşlığı məqsədə müvafiqdir. Xanım səfir qəzetə fəaliyyətində uğurlar arzulayıb.

Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycanda fransızdilli qəzetin fəaliyyət göstərməsini yüksək qiymətləndirib. Azərbaycan və Fransa arasında əlaqələrə toxunan deputat qeyd edib ki, fransız dili sovet dövründə də Azərbaycanda geniş yayılıb və istifadə olunub. Həmin dövrdə də tələbələr Fransaya təhsil almaq üçün yollanırdılar. Xanım səfirin fəaliyyətini yüksək qiymətləndirən deputat deyib ki, bu, Fransa-Azərbaycan əlaqələrinin daha da dərinləşməsinə kömək edəcək.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə ölkəmizdə nəşr olunan fransızdilli qəzetin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bir vasitə olduğunu bildirib. İşğalçı Ermənistanın Fransada tarixən formalaşmış böyük diasporu olduğunu deyən deputat bu ölkədə işğalçı Ermənistanın daha çox təbliğ edildiyini bildirib. Belə vəziyyətə Azərbaycanda fransızdilli qəzetin fəaliyyət göstərməsi çox önəmlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.