Bərdə şəhərində Tərtər çayı üzərində yeni körpü tikilir
Bərdə, 29 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə şəhərində Tərtər çayı üzərindəki qəzalı vəziyyətdə olan körpü sökülərək, yerində yenisi inşa edilir.
Tikintidə iş icraçısı Sahib Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 4 aşırımlı körpünün uzunluğu 117,7 metr, eni 14,5 metr, hərəkət hissəsinin eni 8,5 metr olacaq. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hər bir istiqamət üzrə piyada səkilərinin də tikintisi həyata keçiriləcək.
Artıq körpünün özülünün tikintisi başa çatıb. Hazırda sütunlar inşa edilir. 2018-ci ilin iyul ayında tikintisinə başlanılan körpüdə inşaat işlərinin dekabr ayında başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, körpünün tikintisi Prezident İlham Əliyevin “Bərdə şəhərində Tərtər çayı üzərində yeni körpü tikilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 18 may tarixli Sərəncamına əsasən aparılır. Dövlət başçısının Sərəncamı ilə bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manat ayrılıb.