MƏDƏNİYYƏT
“Bu kitabın rəssamı mən olsaydım” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Bu kitabın rəssamı mən olsaydım” adlı rəsm müsabiqənin nəticələrinə əsasən qaliblərin mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqə uşaq və yeniyetmələrin yay tətilini səmərəli şəkildə keçirməyə fürsət yaratmaq, yaradıcılığını stimullaşdırmaq, əhatə olunduqları mədəni mühitə yanaşma tərzini təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, mütaliəyə həvəsi artırmaq, həmçinin Azərbaycan xalqının mənəviyyatının, eləcə də klassiklərinin mədəni irsinin daha geniş təbliği məqsədilə təşkil olunub.
Müsabiqədə həm azərbaycandilli, həm də rusdilli oxucular iştirak ediblər.
Diqqətə çatdırılıb ki, Maqsud İbrahimbəyovun məşhur hekayələri hər iki dildə – “Uşaqlığın son gecəsi” və “Последняя ночь детства” adı ilə “3 alma” tərəfindən nəşr olunub. Müsabiqədə iştirak etmək üçün ən əsas şərt bu hekayələri oxumaq və kitabdakı hekayələrdən birinin məzmununa uyğun olaraq rəsm çəkmək olub. Seçim zamanı uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlər, eləcə də müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi, həmçinin ideya əsas götürülüb.
Ən yaxşı 10 əsərin müəllifi peşəkar münsiflər heyəti tərəfindən seçilib: I yer 1 nəfər, II yer 2 nəfər, III yer 3 nəfər qalibə və əlavə olaraq 10 əsərin müəllifinə həvəsləndirici mükafatlar təqdim edilib. Eyni zamanda, bütün qaliblər tərəfdaşlar tərəfindən dəyərli hədiyyə paketləri, sertifikat və təşəkkürnamə ilə təltif olunublar.
Qeyd edək ki, sentyabrın 27–29-da Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “açıq qapı” günü keçiriləcək və qaliblərin rəsmləri sərgilənəcək.