MƏDƏNİYYƏT
Dahi Azərbaycan şairi Nizami Gəncəviyə hədiyyə olunmuş kəndin qalıqları aşkar edilmişdir
Gəncə, 20 avqust (AZƏRTAC). Gəncəyə yaxın ərazidə dahi Azərbaycan şairi Nizami Gəncəviyə hədiyyə edilmiş Həmənli kəndinin qalıqları aşkar edilmişdir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Arif Məmmədov məlumat vermişdir. Bildirmişdir ki, məlum olduğu kimi, Həmənli (Həmidünya) adlanan kənd Atabəylər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvan tərəfindən dahi şair Nizami Gəncəviyə hədiyyə edilmişdir. Arxeoloji qazıntılar zamanı məlum olmuşdur ki, tapılan kənd Nizami Gəncəviyə bağışlanan həmin kənddir.
Tanınmış arxeoloq Arif Məmmədov daha sonra əlavə etmişdir ki, Həmənli kəndinin Nizami Gəncəviyə verilməsi haqqında məlumatlar şairin əsərlərində də qeyd olunmuşdur. Kənd şairə verildikdən sonra Qızıl Arslanın göstərişi ilə kəndə 5 kilometr uzunluğunda saxsı borularla su xətti çəkilmişdir. Arxeoloji qazıntılar zamanı bu borular üzə çıxarılmışdır. Bundan əlavə, ərazidə Nizaminin öz əsərlərində bəhs etdiyi “Şirin bulaq”, eləcə də bulaqdan təxminən 150 metr kənarda cəmi 7 qəbirdən ibarət olan qəbiristanlıq da aşkar edilmişdir.
Bir sözlə, qazıntılar zamanı aşkara çıxarılmış Nizami dövrünə aid maddi-mədəniyyət qalıqları, məmulatlar, metal əşyalar, ictimai binaların qalıqları onu deməyə əsas verir ki, tapılan kənd həqiqətən dahi Azərbaycan şairi Nizami Gəncəviyə bağışlanan Həmənli kəndidir.