CƏMİYYƏT


“Davam” Gənclər Hərəkatının üzvü “Yaşıl mükafatlar” nominasiyasının qalibi olub

Bakı, 21 iyun, AZƏRTAC

“Davam” Gənclər Hərəkatının idarə heyətinin üzvü və “Rainergy” layihəsinin təsisçisi Reyhan Camalova Almaniyanın paytaxtı Berlində keçirilən “Yaşıl texnologiyalar" festivalı çərçivəsində təşkil edilən "Yaşıl mükafatlar" müsabiqəsinin "Gənc" kateqoriyasında qalib olub.

Hərəkatdan AZƏRTAC-a bildiriblər ki, R.Camalova münsiflər heyətinin müsabiqənin ilkin mərhələsində dünya üzrə seçdiyi altı gənc qalibdən biridir. Daha sonra müsabiqənin üç finalistini müəyyən etmək üçün altı nəfər arasında ictimai onlayn səsvermə keçirilib. Onlayn səsvermə prosesində R.Camalovanın final mərhələdə təmsil olunması üçün davamçı gənclərin dəstəyi ilə xüsusi kampaniya həyata keçirilib. Nəticədə təmsilçimiz onlayn səsvermənin nəticələrinə görə üç finalistdən biri olub.

Yarışın final mərhələsində Azərbaycan, Almaniya və İndoneziya təmsilçiləri iştirak ediblər. Bu qlobal müsabiqənin final mərhələsində beynəlxalq münsiflər heyəti tərəfindən məxfi səsvermə nəticəsində R.Camalova qalib seçilib.

Qeyd edək ki, Azərbaycan bu müsabiqədə ilk dəfədir təmsil olunur. Bu nailiyyət R.Camalovanın uğurlu təmsilçiliyi nəticəsində əldə olunub.

Xatırladaq ki, R.Camalova, həmçinin 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.