CƏMİYYƏT
Dövlət Sərhəd Xidmətinə BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edilib
Bakı, 20 oktyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi və şəxsi heyəti Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşları bu tarixi hadisənin sevincinə qoşularaq Dövlət Sərhəd Xidmətinə təkmilləşdirilmiş BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edib.
MSN-dən AZƏRTAC-a bildiriblər ki, döyüş maşınının üzərində “İLHAMLA İRƏLİ!” və “XUDAFƏRİN BİZİMDİR!” sözləri yazılıb.
Müdafiə Sənayesi Nazirliyi Prezident, Ali Baş Komandan İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb. Hazırda mütəxəssislərimiz Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri ilə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçirirlər.