REGİONLAR
Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində şəkər çuğunduru yığımı davam edir
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi qrupundan verilən məlumata görə, 44 günlük Vətən müharibəsindən sonra Füzuli rayonunun işğaldan azad edilmiş 600 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində taxıl becərilib və məhsul tədarük edilib. Həmçinin cari ildə rayonun 288.8 hektar ərazisində şəkər çuğunduru əkilib və həmin torpaqların 78,8 hektarı işğaldan azad edilmiş əraziləri əhatə edir.
AZƏRTAC xəbər verir ki, Füzuli rayonunun işğaldan azad edilmiş Seyidmahmudlu kəndi ərazisindəki minalardan təmizlənmiş həmin torpaqlarda şəkər çuğunduru ilk dəfədir becərilir və yüksək məhsuldarlığa nail olunub. Belə ki, şəkərlilik faizi 15-16 faiz göstərici ilə hər hektardan 55-60 ton məhsul yığılıb və bu günə kimi 1800 tona yaxın məhsul tədarük edilib. Rayon üzrə bu göstərici 3600 tondur.
Sahələrdə şəkər çuğunduru yığımı davam edir. Məhsulun itkisiz və optimal müddətdə tam yığılıb tədarük edilməsi üçün müasir tipli çuğundur yığan kombayndan istifadə olunur. Əkin sahələrinə suvarma suyu Köndələnçay üzərində yerləşən su anbarından verilir.