REGİONLAR
Gəncədə “Qoşa ruhlar” filminin təqdimatı olub
Gəncə, 17 avqust, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində “İsmayıllı Yazarları” Ədəbi İctimai Birliyinin “Qoşa ruhlar, şairlikdən şəhidlik zirvəsinə gedən yol” adlı layihəsi çərçivəsində çəkilmiş sənədli-bədii filmin təqdimatı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, filmdə müxtəlif illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canında keçən iki oxşar “ruh”dan bəhs edilir.
“Billur Studia” tərəfindən çəkilmiş filmin rejissoru Etibar Məmmədov, layihə rəhbəri isə Aybəniz Qafarovadır.
Bildirilib ki, filmin bir hissəsi 1961-ci ildə Gəncədə doğulan və 1992-ci ildə Qarabağda gedən döyüşlərdə həlak olan şəhid-şair Aydın Salmanovdan bəhs edir. Aydın Salmanov Ağdərə uğrunda gedən döyüşlər zamanı “Tərlan” adlandırdığı tankın imkanlarından məharətlə istifadə etməklə 40 nəfəri xilas edib. Özü isə düşmən hücumu nəticəsində alovlanan tankın içərisində yanaraq, dünyasını dəyişib.
Filmin ikinci hissəsində isə 2016-cı ilin aprelində gedən döyüşlər zamanı həlak olan şair-müəllim Mikayıl Vahabzadədən söhbət açılır. Mikayıl Vahabzadə 1993-cü ildə İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub. Sumqayıt Dövlət Universitetini bitirib. 2015-ci ildə İsmayıllı Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Tərtər istiqamətində “N” saylı hərbi hissədə xidmət edib. M. Vahabzadə ölümündən sonra “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
Qeyd edilib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilmiş filmin əsas məqsədi Vətən uğrunda canından keçən igid oğulların xatirələrinin əbədiləşdirilməsi və onların ictimaiyyətə tanıdılmasıdır.